Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1999-cu il 13 oktyabr
Prezident Heydər Əliyev Naxçıvana səfəri zamanı Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin açılış mərasimində iştirak edib.
“...Azərbaycan bizi əhatə edən istər uzaq, istər yaxın – bütün Şərq ölkələrindən bu gün fərqlənir. Nəyə görə fərqlənir? Əgər bizim ulu babalarımız, əcdadlarımız Azərbaycanda mədəniyyəti, elmi, dünyəviliyi, tərəqqini yaratmasaydılar, onu inkişaf etdirməsəydilər, bəli, Azərbaycan belə olmazdı. Azərbaycan öz milli ənənələrini, dəyərlərini, dini dəyərlərini qoruyaraq, saxlayaraq, inkişaf etdirərək eyni zamanda dünyəvi mədəniyyətə doğru gedibdir. Azərbaycan xalqının buna nail olmasında Azərbaycanın böyük simalarının, o cümlədən dahi insan Cəlil Məmmədquluzadənin xüsusi xidməti və rolu olubdur.
Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi. Bu sözlər təkcə Cəlil Məmmədquluzadəyə aid deyil, bizim çox dahilərimizə aiddir... Hesab edirəm ki, onun fəaliyyətinə, yaradıcılığına nə qədər yüksək qiymət versək də, yenə də onun borcundan çıxa bilmərik.
...Xatirimdədir, mən 70-ci illərdə Bakıda bizim bir neçə ədəbiyyat, musiqi, mədəniyyət xadimlərinin ev-muzeylərinin açılması haqqında qərarlar qəbul edərkən Cəlil Məmmədquluzadənin ev-muzeyi haqqında da qərar qəbul etdim. İşlədiyim dövrdə Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Bülbülün, Cəfər Cabbarlının ev-muzeylərini yaratdım. Amma (Moskvaya) gedəndən sonra işlər yarımçıq qaldı.
...Mən gəlib Bakıda Cəlil Məmmədquluzadənin ev-muzeyini yaratdım. Bunu, şübhəsiz ki, burada da etmək istəyirdim... Bu da mənim arzum idi. Bu arzuma da çatdım. İndi sizinlə birlikdə Cəlil Məmmədquluzadənin Naxçıvanda, doğulduğu, yetişdiyi bu torpaqda, yaşadığı evin qarşısına gəlmişik və burada yaradılmış muzeyi birlikdə açırıq... Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır...”.
1999-cu il 14 oktyabr
Naxçıvan şəhərində Şərq memarlığının incilərindən sayılan, XII əsrdə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Mömünə xatın türbəsini ziyarət edib. Muxtar respublikanın əməkdar mədəniyyət işçisi Arif Qədimov türbə və Atabəylər dövlətinin tarixinə dair yaradılmış ekspozisiya haqqında ətraflı məlumat verib. Heydər Əliyev ona təşəkkürünü bildirib və nitq söyləyib.
“Sən bu gün çox gözəl məlumat verdin, çox sağ ol, təşəkkür edirəm. Ancaq, əlbəttə ki, məni incidən odur ki, bizim xalqımız öz tarixini, mədəniyyətini... birincisi, öz xalqına göstərə bilməyib, ikincisi də dünyaya göstərə bilməyibdir.
Bu baxımdan, məsələn, mərhum akademik Ziya Bünyadovun əsəri, deyə bilərəm ki, Azərbaycan tarixində yazılmış ən qiymətli əsərlərdən biridir. Azərbaycanda işlədiyim zaman bu əsərə görə ona Dövlət mükafatı verdim... Allah ona rəhmət eləsin. Onun irsini, tarixçilik, tədqiqatçılıq fəaliyyətini davam etdirmək lazımdır... Mən bu gün buradan Azərbaycanın tarixçilərinə, Elmlər Akademiyasına öz göstərişlərimi verirəm: tarixçilərimiz Azərbaycanın qədim tarixi, orta əsrlər tarixi sahəsində onun kimi fəaliyyət göstərsinlər və belə dəyərli əsərlər yaratsınlar...
...Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etmir, Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu davam edib. Ancaq hesab edirəm ki, bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir...”.
1999-cu il 10 noyabr
Azərbaycanın bir qrup yazıçı və şairini (xalq yazıçıları Anar, Hüseyn Abbaszadə, xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, Fikrət Qoca) qəbul edib. Onlar İstanbulda keçiriləcək (17-19 noyabr) ATƏT sammitində guya Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın maraqlarına cavab verməyən sazişin imzalanacağı barədə yayılan xəbərlərin doğurduğu ictimai narahatlığı nəzərə alaraq belə bir görüş üçün müraciət etmişdilər.
“...Siz bilirsiniz ki, mənim ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimlərinə xüsusi hörmətim var... Ona görə də sizinlə görüşməyim mənim üçün də çox maraqlıdır... Siz mənə məktub yazmısınız. Bu, təbiidir. Çox sağ olun və indi nə mümkündür, mən sizə deyəcəyəm...
...Biz hər hansı bir nəticəyə gələ bilsək, heç kəs narahat olmasın, bu, birinci növbədə Azərbaycanın elə sizin kimi ziyalıları, ağsaqqal adamları qarşısında qoyulacaqdır. İkinci, bütün ictimaiyyətə çatdırılacaqdır. Ücüncü, Məclisdə müzakirə olunacaqdır... Ona görə də, bilirsiniz, bu narahatlığın heç bir əsası yoxdur... Mən Azərbaycanın bütün milli mənafelərini daim sevmişəm, ona xidmət göstərmişəm və bundan sonra da göstərəcəyəm...”.
1999-cu il 22 noyabr
Maestro Mstislav Rostropoviçi qəbul edib.
“...Siz hər il Azərbaycana gəlmək və burada ustad dərsləri keçmək, başqa işlərlə məşğul olmaq niyyətində olduğunuzu bildirdikdə, şübhəsiz ki, mən bunu çox böyük məmnunluqla və böyük fərəhlə qarşılamışdım... Bu, bizim üçün, ictimaiyyətimiz üçün, – özü də təkcə musiqi ictimaiyyətimiz üçün yox, – böyük hadisədir... Sizin ustad dərsləriniz çox görkəmli işdir... Sizinlə musiqidə təmasda olanlar üçün, - əlbəttə, istedadı varsa, Siz isə istedadsız adamları yaxın buraxmazsınız, – gələcəyə yol açılır...”.
1999-cu il 26 noyabr
Bakıda Mstislav Rostropoviçin verdiyi konsertdə iştirak edib.
Hazırladı: V.Orxan