Olaylar, faktlar (20–22 dekabr)

 

106 il əvvəl...

 

20 dekabr 1917-ci ildə sovet dövlətinin təhlükəsizlik orqanı – Əksinqilab və sabotajla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (“VÇK”) yaradılıb. Komissiyanın sədri Feliks Dzerjinski təyin edilib. Sonralar qurum müxtəlif adlar altında (“ОQPU”, “NKVD”, “KQB”) fəaliyyət göstərdi.

 

104 il əvvəl...

 

22 dekabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N.Yusifbəylinin rəhbərliyi ilə təşkil olundu.

 

60 il əvvəl...

 

21-22 dekabr 1963-cü ildə Kiprdə yunan silahlı dəstələri türk əhalisinə qarşı basqınlar həyata keçiriblər. Afinanın dəstək verdiyi EOKA təşkilatının silahlıları 3000-dən çox türkü qətlə yetiriblər. Bu qırğınlar tarixə “Qanlı Milad” adı ilə düşüb. 1960-cı ildə yunan və türk icmalarının təmsilçiliyi ilə qurulan konfederativ dövlət süqut edib.

 

58 il əvvəl...

 

21 dekabr 1965-ci ildə BMT Baş Assambleyası “Dövlətlərin suverenliyi və müstəqilliyinin qorunması, həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi haqqında” Bəyannamə qəbul edib.

 

32 il əvvəl...

 

21 dekabr 1991-ci ildə Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Bəyannamə imzalanıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Azərbaycan, Ermənistan və Moldova 8 dekabrda Rusiya-Ukrayna-Belarusun üçlüyünün imzaladığı “Belovejsk sazişi”nə (SSRİ-yə xitam verilməsi) qoşulublar. Azərbaycanda parlament Almatıda Bəyannaməsini ratifikasiya etmədi və ölkəmiz iki il sonra, 1993-cü ilin 24 sentyabrında MDB-yə üzv oldu. Həmin ilin dekabrında Gürcüstan da MDB-yə qoşuldu.

 

31 il əvvəl...

 

22 dekabr 1992-ci ildə Azərbaycan parlamenti (Ali Sovetin Milli Şurası) dövlət dili haqqında qanun qəbul edib. Qanunda dövlət dilinin “türk dili” kimi qeyd edilməsi alimlər arasında və cəmiyyətdə ziddiyyət doğurdu. 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbit olundu.

 

30 il əvvəl...

 

22 dekabr 1993-cü ildə Ermənistanın işğalçı qüvvələrinin hücumlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Füzuli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər. Uğurlu əməliyyat nəticəsində 1994-cü il yanvarın əvvəlində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

 

24 il əvvəl...

 

21 dekabr 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ildə partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir.

Hazırladı: V.Orxan