Dekabrın 21-i Azərbaycan musiqisi və instrumental ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, tarzən Fikrət Verdiyevin (1947-2022) anım günüdür.
Fikrət Süleyman oğlu Verdiyev 2 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. Sənət təhsilini Gəncədəki Qəmbər Hüseynli adına Orta İxtisas Musiqi Məktəbində alıb, sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) davam etdirib.
1969-cu ildə Gəncədə “Göygöl” Xalq Çalğı Alətləri Ansamblını yaradıb. Eyni zamanda Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1977-ci ildə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə ansambla “Dövlət mahnı və rəqs ansamblı” statusu verilib və F.Verdiyev bu kollektivə bədii rəhbər təyin olunub.
1990-cı ildə F.Verdiyevin də fəal səyləri ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bazasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradılıb və sənətkar quruma bədii rəhbər təyin edilib.
Ustad tarzən SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında da konsertmeyster kimi fəaliyyət göstərib, bu kollektivlə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edib. 2000-ci ildə ARDNŞ-nin nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradıb.
2011-ci ildən “Xan Şuşinski” Fondunun təsisçilərindən biri kimi ölkəmizdən kənarda Azərbaycan milli musiqisini uğurla təbliğ edən F.Verdiyev neçə-neçə ustad sənətkarın yubiley tədbirləri və yaradıcılıq gecələrini keçirib, eyni zamanda sənət müsabiqələrində münsif olub.
F.Verdiyevin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1987-ci ildə respublikanın “Əməkdar artisti”, 2014-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin.