Olaylar, faktlar (23–27 dekabr)
218 il əvvəl...
27 dekabr 1805-ci ildə Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.
84 il əvvəl...
27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində 7,9 bal gücündə zəlzələ baş verib. Sivas və Samsun vilayətlərində də böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 33 minə yaxın insan həlak olub.
76 il əvvəl...
23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib. Qərara əsasən, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli idi. Yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük götürməyə icazə verilirdi. Azərbaycanın rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948-ci il) verildi. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Stalinin ölümündən sonra onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.
44 il əvvəl...
25 dekabr 1979-cu ildə Sovet İttifaqı hərbi kontingentinin Əfqanıstana yeridilməsinə başlanılıb. 1978-ci ildə qurulmuş Əfqanıstan Demokratik Respublikası (ƏDR) ilə SSRİ arasında əməkdaşlıq haqqında müqavilənin icrası və Əfqanıstan İnqilabi Şurasının sədri olan Hafizulla Əminin fəaliyyəti SSRİ-ni qane etmirdi. ƏDR rəhbərliyində Əminə müxalif qüvvələrin müraciəti və sözügedən müqavilə əsas götürülərək Əfqanıstana ordu yeridildi. Dekabrın 27-də “Alfa” qrupu Kabildəki Prezident sarayını ələ keçirdi, H.Əmin qətlə yetirildi. “KQB”nin adamı Bəbrək Karmal ölkənin rəhbəri elan edildi.
32 il əvvəl...
25 dekabr 1991-ci ildə SSRİ-nin Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Moskva vaxtı ilə saat 19:00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirilib və Rusiyanın üçrəngli bayrağı qaldırılıb.
Eyni gündə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Ali Sovetinin qərarı ilə dövlətin adı Rusiya Federasiyası elan edilib.
26 dekabr 1991-ci ildə SSRİ Ali Sovetinin sonuncu iclası keçirilib. İclasda ittifaqla bağlı bütün qurumların, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə xitam verilib. Sovet İttifaqı quruluşunun 69-cu ildönümünə dörd gün qalmış rəsmən süqut etdi.
***
25 dekabr 1991-ci ildə Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman verib. Yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin bu proses çox uzandı. 2001-ci il iyunun 18-da Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.
25 dekabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
18 il əvvəl...
23 dekabr 2005-ci ildə Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 23 nəfər (18 sərnişin, 5 ekipaj üzvü) həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.
Hazırladı: V.Orxan