Fransızdilli “City Magazine Advertising” jurnalında “Azərbaycana viza” sərlövhəli məqalə dərc edilib. Yazıda paytaxt Bakının gözəlliyindən, qədim İçərişəhərdən, tarixi abidələrdən, müasir memarlıq nümunələrindən söhbət açılır.
   Məqalədə qeyd olunur ki, Azərbaycanın dünya ölkələri ailəsində özünəməxsus yeri var. Bildirilir ki, keçmiş Sovet İttifaqı respublikalarından Azərbaycanın paytaxtı Bakı yeraltı karbohidrogen ehtiyatları ilə zəngin ölkənin əsl vitrinidir. Bakını görəndə niyə bu şəhərin Dubayla müqayisə olunduğunu başa düşmək asan olur: “Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarədən düşərkən müsafirləri bu əsl memarlıq abidəsi heyrətləndirir. Yenidənqurma işlərinin davam etdiyi aeroportda dünyanın ən müasir terminalları sırasında olacaq yeni terminalın tikildiyini görürük. Buraya gələrkən ilk təəssürat belədir: inkişafda olan ölkə”.
   Bakının alman magistrallarından seçilməyən yollarından bəhs edən müəllif yol boyu gördüyü tikililərdən söz açır, tanınmış memar Zaha Hadidin Nimeyer məktəbi üslubunda layihələndirdiyi ağ, dairəvi Heydər Əliyev Mərkəzinin şəhərə xüsusi gözəllik verdiyini vurğulayır.
   Məqalədə Bakı bulvarı və İçərişəhərdən də geniş söhbət açılır: “Xəzər dənizi və dəniz boyunca sıralanmış rəsmi binalar arasında son dərəcə lüks mağazalar, çox təmtəraqlı parklar və kafelər, bura şəhərin ən simvolik məkanıdır. Ən uca nöqtədən baxdıqda Şəhidlər xiyabanında 1990-cı ilin Qanlı Yanvarında həlak olmuş 147 şəhidin qara mərmərdən məzarı sıralanır. Bu, müstəqilliyin ilk şəhidlərinin məzarlarıdır. Ölkənin müasir simvolu olan üç böyük göydələn - “Alov qüllələri”nin ətəyindən baxdıqda görünən mənzərə Xəzər dənizi üzərində “Mələklər buxtası”dır. Bu gün bulvarın uzunluğu beş kilometrdir. Ancaq gələcəkdə 25 kilometrə çatdırılacaqdır. Bu, ölkənin urbanizasiya inkişafı ambisiyasından xəbər verir. Bakı bulvarından Neftçilər prospektinin düz ortasında bir neçə yüz metr uzunluğunda qala divarları və qədim evlər görünür. Bu, İçərişəhərdir. UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş və uğurlu bərpa işləri aparılmış bu məhəllə ətrafda olan müasir binalar kimi diqqəti cəlb edir. Bu günlə keçmiş arasında demək olar ki, uğurlu bir tarazlıq var. İçərişəhərin qapılarından çıxan kimi özünü Fəvvarələr meydanı yaxınlığında, ticarət obyektlərinin yerləşdiyi məhəllədə görürsən. Bu meydanda Şərq üslubunda inşa edilmiş fəvvarələr və Qərb sayağı reklam işıqlarını, “fast food” restoranları görmək olar. Bakı da fəal və tələsən aləmə qədəm qoyur”.