Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası dekabrın 21-də İstanbulda keçirilib.
İclasda ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üzrə birgə fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.
Turizm əlaqələrinin cari vəziyyəti barədə danışılıb, gəlmə və getmə turizmi sahəsində statistik göstəricilər təqdim edilib, həmçinin 2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə həyata keçirilən işlər barədə məlumat verilib.
İclasda turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələri, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, tədbirdə mədəni irs obyektlərinin idarə edilməsi, oxşar mədəni irs obyektləri arasında əlaqələrin qurulması, birgə layihələrə başlanılması müzakirə edilib.
Tədbir zamanı Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.
Sonda 2023-cü il üzrə birgə fəaliyyət planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni fəaliyyət planı hazırlanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.