Azərbaycanın turizm bölgələrində yaşayan ailələr arasında yeni xüsusi statusun verilməsi ilə bağlı seçim aparılacaq. Bu məsələ Milli Məclisdə hazırlanacaq «Akkreditə olunmuş ailələr haqqında» qanun layihəsində əksini tapacaq. Qanunun hazırlanmasında məqsəd ölkəyə gələn turistləri seçilmiş ailələrdə yerləşdirməklə Azərbaycan həyat tərzi ilə tanış etməkdir.
   Bu məqsədlə turist qəbul edəcək seçilmiş ailələrə xüsusi status veriləcək. Bu statusun verilməsi ilə bağlı seçim zamanı ailələrin mənzil şəraiti, sağlamlıq durumu, ailə üzvlərindən xarici dil bilmə qabiliyyəti və s. meyarlar əsas götürüləcək. Seçilmiş ailələr müəyyən vergilərdən azad olunacaq, eyni zamanda bir çox sosial güzəştlərə malik olacaqlar. Həmçinin ailələrdə yerləşən turistlərdən əldə olunan gəlirin müəyyən hissəsi həmin ailələrə ödənməklə dövlət büdcəsinə köçürüləcək. Qanun qüvvəyə mindiyi təqdirdə hotel turizmi ilə müqayisədə xərclər turistlər üçün daha sərfəli olacaq. Onlar Azərbaycanın səfalı yerlərinə daha çox səfər etməyə maraq göstərəcək. Qanunun hazırlanmasında Türkiyə və ABŞ təcrübəsindən istifadə olunur. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
   Layihənin hazırlanmasında iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir: “Azərbaycanda turizmlə bağlı böyük inkişaf var. Ailələrin daha yaxşı yaşaması, inkişafı və bu məsələyə qatılması üçün bu çox vacibdir. Ailələrdə məskunlaşmaq, xalqla təmas qurmaq imkanları Azərbaycanı turistlər üçün daha maraqlı edəcək. Bu həm də regionlarda bir çox ailələrin rifahının artmasına xidmət edir».
   
   Fəxriyyə