Azərbaycan tarix elminin inkişafına töhfələr verən alimlərimizdən biri də AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova olub. O, 60 illik elmi fəaliyyəti dövründə tarixi ərazilərimizi addım-addım gəzərək ərəb qrafikası ilə yazılan daş kitabələri araşdırıb. Ölkəmizdə epiqrafika elminin təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. Görkəmli epiqrafçı alimi anadan olmasının 100 illiyi münasibətilə yada saldıq.
Məşədixanım Sədulla qızı Nemətova 5 yanvar 1924-cü ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri çətin dövrə təsadüf edir. Siyasi rejimin ədalətsizliklərinə dözməyən valideynləri vaxtsız vəfat edirlər. Səkkiznəfərlik ailə böyük qardaşının ümidinə qalır...
Sonra İkinci Dünya müharibəsi başlayır. Arxa-dayaqları olan həmin qardaşları cəbhəyə gedir və bir müddət sonra qara kağızı gəlir. Bununla da ailənin yükü Məşədixanımın üzərinə düşür. O, çətinliklərə baxmayaraq, 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Sonra görkəmli yazıçı Mir Cəlal Paşayevin köməkliyi ilə yeni açılan Şərqşünaslıq fakültəsinə dəyişilir. Hələ tələbə ikən müəllimlərinin köməyi ilə Azərbaycan Radiosunun fars dili şöbəsində tərcüməçi kimi çalışmağa başlayır. 1948-ci ildə təhsilini başa vurur. Təyinatla Azərbaycan EA-nın Tarix İnstitutunda işə qəbul olunur. Elə həmin il aspiranturada təhsilini davam etdirir. 1954-cü ildə namizədlik (fəlsəfə doktoru), 1968-ci ildə isə elmlər doktorluğu dissertasiyalarını müdafiə edir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilir.
Araşdırmalarda qeyd edilir ki, M.Nemətova ərəb qrafikasının müxtəlif xətləri ilə daşlara həkk edilən kitabələri araşdırıb, iqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, İslam fəlsəfəsi-sufizm, toponimika, etnogenez məsələlərinə dair qiymətli elmi əsərlər ərsəyə gətirib. O, ümumilikdə 2500-dən artıq epiqrafik abidəni araşdıraraq tarixi əhəmiyyətini müəyyənləşdirib. 10-dan çox monoqrafiya, 200 elmi məqalə, o cümlədən 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu nəşr etdirib. Vaxtilə Leninqradda (indiki Sankt-Peterburqda) nəşr olunan “Şərq epiqrafikası” jurnalı yazırdı: “M.S.Nemətova Azərbaycanın kitabələrini sistematik olaraq toplayır və tədqiq edir... Məqalələrində əvvəllər məlum olmayan və özünün topladığı yazıları dərc etdirir... M.Nemətovanın nəşr etdirdiyi kitabələr filoloq, dilçi və Azərbaycanın maddi və mənəvi mədəniyyəti, incəsənəti və bədii sənətkarlığı ilə məşğul olan tarixçilər üçün böyük maraq doğurur...”.
1976-cı ildə Moskvada çapdan çıxmış “Tarixi ensiklopediya”da dünyanın bir sıra tanınmış tarixçi alimləri arasında M.Nemətovanın da adı qeyd olunmuşdu.
Alim xanəgah, müqəddəs məzar, zaviyə və s. abidələrdən əldə etdiyi kitabələr XII – XIX əsrlərdə Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin – Qələndəriyyə, Qədiriyyə, Bektaşiyyə qolları Babailər və Çələbilər, Xəlvətiyyə, Nəqşbəndiyyə qolu Ələviyyə, sənətkarlarla bağlı Əxi cəmiyyətinin mərkəzlərini, şeyxlərin adlarını, onların fəaliyyətlərinin xronoloji çərçivəsini və fəaliyyət dairəsini müəyyənləşdirib. Kitabələrdə gedən bir sıra titul, ləqəb və s. rütbələrə əsasən Şirvanşahlar dövlətinin quruluşu, idarə üsulu müəyyən edilib.
M.Nemətova epiqrafik abidələrə əsasən bir sıra memarlıq abidələrinin təyinatını və tarixini dəqiqləşdirib. Vaxtilə Araz və Həkəri çayları hövzəsində memarlıq abidələri üzərindəki kitabələrin oxunması ilə bağlı müəyyən çətinliklər olub. Ancaq M.Nemətova bu yazıları oxuyur və məlum olur ki, Zəngilanın Məmmədbəyli kəndindəki türbədə böyük alim Yəhya bəy Hacı Məhəmməd dəfn olunub. Yazıda türbənin tikilmə tarixi h.704/1305-ci il və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı var. Beləliklə, M.Nemətova XIII – XIV əsrlərdə yaşayıb fəaliyyət göstərmiş, Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyəz və Dərələyəzdə yerləşən bir sıra abidələrin memarı Əli Məcdəddinin adını memarlıq tarixinə yazır.
M.Nemətova XII əsrdən XX əsrlərin əvvəllərinə kimi memarlıq və sənətşünaslıq tarixinə məlum olan inşaatçı usta, memar, xəttat və həkkakların siyahısına Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala bölgəsi üzrə 137 nəfərin adını əlavə edib.
Görkəmli alim araşdırmaları ilə tarixən ölkəmizə qarşı ərazi iddiasında olan bədnam qonşularımıza da tutarlı cavab verib. Qeyd olunur ki, Zəngəzur mahalının Urud kəndindəki XIV – XVII əsrlərə aid qoç heykəli və sənduqə formalı məzar daşları üzərində yazılmış “Avladi ağvan” – alban övladları sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və İslamı qəbul etməsini sübuta yetirir. Abidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) – maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ İslamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini göstərir. Onlar İslamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlayıb, sonra bu onların təsviri sənətinə keçib. Ümumiyyətlə, alimin bu istiqamətdə apardığı araşdırmalar türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst edir. Sübut olunur ki, türklər Qafqazın aborigenləridir. M.Nemətova Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyi XIV – XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını müəyyənləşdirib.
M.Nemətovanın bir sıra ölkələrdə elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib. Onun araşdırmaları dünyanın tanınmış elm xadimləri tərəfindən yüksək qiymətləndirilib.
Dövlət başçısının sərəncamı ilə alim 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Diqqətəlayiq araşdırmaları ilə tarix elmimizi daha da zənginləşdirən, daş kitabələrin öyrənilməsi sahəsində elmi məktəb yaradan Məşədixanım Nemətova 26 dekabr 2016-cı ildə, 92 yaşında Bakıda dünyasını dəyişib.
Savalan Fərəcov