Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə

 

Böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə Aşqabadda Türk Dövlətləri Təşkilatı (TDT) hökumət başçılarının Zirvə görüşü və mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin iclasında məlumat verib. O qeyd edib ki, nazirlər səviyyəsində tədbirin bu ilin mayında, hökumət başçılarının Zirvə görüşünün isə oktyabrda keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Məhtimqulu Fəraqinin yubileyi münasibətilə Türkmənistan hökuməti elmi konfranslar, ədəbi axşamlar, film və tamaşaların nümayişi, həmçinin ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Rumıniya, İspaniya, Almaniya və digər ölkələrdə yaradıcılıq həftələri keçirməyi planlaşdırır.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hökumətə şairin yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.

Xatırladaq ki, TDT-nin “Türk Əsri” çağırışı altında 10-cu zirvə görüşü 2023-cü ilin 3 noyabrında Qazaxıstanın paytaxtı Astanada keçirilib.