Türkmənistanın Xəzər dənizi sahilindəki “Avaza” turizm zonasında beynəlxalq mədəniyyət həftəsi keçirilib. Türkmənistan Prezidentinin dəvəti əsasında tədbirin açılışına beynəlxalq təşkilatların, diplomatik korpusun rəhbərləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Vəhdət Sultanzadə də iştirak ediblər.
   Tədbirdə Azərbaycan, Türkiyə, Koreya Respublikası, Yaponiya, Rusiya, ABŞ, Fransa, Özbəkistan, Qazaxıstan, Ukrayna, İran və Türkmənistandan gətirilmiş əntiq əşyaların və bədii ekspozisiyaların sərgisi keçirilib.
   Sərgidə Türkmənistanın nəşriyyat-poliqrafiya məhsullarının, kinematoqrafçıların yeni filmləri də nümayiş etdirilib. Tədbir yaradıcılıq fəallığının stimullaşdırılmasına və milli mədəniyyətin inkişafına, dünyanın müxtəlif incəsənət ustaları arasında yaradıcılıq, dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldilib. Prezident Qurbanqulu Berdiməhəmmədov ölkəsinin mədəniyyət və incəsənət işçilərini peşə bayramı münasibətilə təbrik edib.
   Tədbir çərçivəsində Xəzərin sahilində “Yelkən” yaxt-klubun, bir sıra mədəniyyət mərkəzlərinin açılışı, “Çarlak” yüksək sürətli sərnişin gəmisinin istifadəyə verilməsi nəzərdə tutulub. İncəsənət həftəsinin sonunda möhtəşəm konsert proqramında Avropa, Rusiya və Türkiyənin məşhur ulduzlarının iştirak edəcəyi də gözlənilir.