Zakir Mirzəyev: “Qarmona ögey münasibətdən təsirlənib elmi-tədqiqat işi müdafiə elədim”
Azərbaycanda qarmonun çox mahir ifaçıları olub. Lakin onun ifasını dinləyəndə elə bilirsən ki, qarmon da xalqımızın qədim milli musiqi alətlərindəndir. Aləti dinləyiciyə elə doğmalaşdırır ki...
Əməkdar artist Zakir Mirzəyevin Azərbaycan milli musiqi sənətində özünəməxsus yeri var. Təsadüfi deyil ki, ölməz maestro Niyazi onu virtuoz ifaçı adlandırıb. O həm də mahir pedaqoqdur. Qarmon sənətini yüksək səviyyədə tədris etməklə onun gələcəyini gənc ifaçıların simasında təmin edir.
Sevə-sevə ifa etdiyi alətin araşdırıcısı kimi də tanınan Zakir Mirzəyev bir neçə dərsliyin müəllifidir. 1979–2004-cü illərdə Hollandiya, Polşa, Rumıniya, Belçika, Avstriya, Misir, Anqola, Konqo, Türkiyə, Kamboca, İran, Hindistan və s. ölkələrdə konsert proqramları ilə çıxış edib. 1983-cü ildə Vyetnamın fəxri vətəndaşı adına layiq görülüb.
Ötən il 80 yaşını qeyd edən sənətkarla yubiley ilinin sonlarında həmsöhbət olmuşduq.
Zakir müəllim qarmon alətini seçməsi barədə deyir: “Atam balaban ifaçısı idi. Evimizdə həmişə musiqi avazlanıb. O vaxt hər kəsin evində radio yox idi. Bizim balaca bir radiomuz vardı. Radioda tez-tez məşhur qarmonçalan Əhəd Əliyevin lent yazılarına qulaq asırdım. “Segah”ı elə çalırdı ki, qarmonun ecazkar səsi və ifa məni valeh edirdi. Mən də evimizdəki qavalı götürüb dizimdə ifa edirdim...”.
Yemək xətrinə alınan qarmon
“...7-8 yaşım olanda qızılcaya yoluxmuşdum, günlərlə yemək yemirdim. Vəziyyətim valideynlərimi çox narahat edirdi. Atam məni yeməyə həvəsləndirmək məqsədilə, həm də qarmona həvəsim olduğu üçün 12 dilli qarmon alıb gətirdi. Dedi əgər yemək yesən, mən sənə bu qutunun içində nə olduğunu göstərəcəyəm. Yeməsən, başqasına verəcəyəm. Bəli, yalandan bir qədər yemək yedim, bir tikəni də gizlətdim və nəhayət, qutunu açdılar. İnanın ki, bu gün də həmin sevinc hissimi xatırlayıram. Xına rəngində qarmon idi. O vaxt “Heyvagülü” rəqsi də yaman dəbdə idi. Qarmonu əlimə götürən kimi onu ifa etdim. Anam sevincindən bilmirdi nə etsin, atam səbirli kişi idi. Dedi ki, mən bilirdim sənin istedadın var. Daha sonra məktəbdə qarmon çalmağımdan xəbər tutdular və məni Pionerlər evinə dəvət etdilər. Orada ifaçılığın sirlərini öyrənməyə başladım. Həmin dövrdə burada İxtiyar Axundov adlı yaxşı bir qarmon ifaçısı vardı. Ondan savayı da bir neçə qarmonçalan fəaliyyət göstərirdi. Çox yaxşı qarmonları vardı, ancaq uşaq olduğum üçün alətlərini mənə vermirdilər. 11 yaşım olanda Bakıdan Hənifəzadə soyadlı bir şəxs Xaçmaza bədii özfəaliyyət kollektivlərini yoxlamağa gəlmişdi. Mədəniyyət evinin şöbə müdiri rəhmətlik Əhmədağa Şirinov Hənifəzadəyə demişdi ki, bu uşaq çox istedadlıdır, amma qarmonu yaxşı deyil. Şahbuz adlı müəllimin qarmonunda “Bakı” rəqsini ifa etdim. Çox bəyəndilər. Hənifəzadə soruşdu muğamlardan bilirsən? Əhəd Əliyevin ifasında dinlədiyim “Segah”ı səsləndirdim. Hənifəzadə dedi ki, bu uşaq Bakıya oxumağa gedə bilər, amma yaşı azdır. Nəhayət, mənimlə bərabər bir neçə istedadlı uşağı Bakıya gətirdilər...”.
İlk sənət imtahanı
Zakir Mirzəyev burada görkəmli musiqi xadimlərinin qarşısında ilk sənət imtahanını verir: “İndiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi o vaxt Dzerjinskinin adını daşıyırdı. Burada rəhmətlik Əfrasiyab Bədəlbəylinin rəhbərliyində Əhməd Bakıxanov, Qəmbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev və Nazim Əliverdibəyovdan ibarət münsiflər heyətinin qarşısında çıxış etdim. Dedilər qarmonu qoy, gəl yanımıza. Pilləkənlərdən düşüb gəldim aşağı. Əfrasiyab müəllim yaşımı xəbər aldı, dedim on bir. Dedi sən özündən 30 il qabağa gedib ifa edirsən. Bu xatirələri heç vaxt unutmuram. Bir həftə Bakıda qalıb müxtəlif zavod və fabriklərdə konsertlər verdik. Mənim qohumlarım, babam və nənəm, dayılarım burada yaşayırdı. Onlar bunu biləndə mənə dedilər ki, biz Xaçmaza məktub yazacağıq ki, səni Bakıya göndərsinlər. Düzdür, valideynlərim bir müddət məni paytaxta gəlməyimə razılıq vermədi. O vaxt istedadlıları tapıb Bakıda oxumağa gətirirdilər. Nəhayət, paytaxta gəldim, 36 nömrəli orta məktəbdə oxumağa başladım. 10-cu sinfi axşam məktəbində bitirdim. Həmin dövrdə artıq məni toylara aparırdılar, yaxşı pul qazanıb ailəmə kömək edirdim. Məktəbi bitirəndən sonra Teatr İnstitutunun (indiki ADMİU – red.) Mədəni-maarif şöbəsinə qəbul olundum. Üç ay idi oxumuşdum ki, hərbi kafedranı bağlayıb bizi əsgər apardılar. Rəhmətlik müğənni Yaşar Səfərov və rejissor Rauf Atakişiyevlə bir qrupda oxuyurduq. Bütün qrupu apardılar və biz Leninqrada (Sankt-Peterburq – L.A.) düşdük. Hərbi xidmətdən sonra təhsilimi davam etdirdim”.
Tələbəlik illərində müəllimlərindən onunda aktyor kimi də uğur qazanacağını düşünənlər olub: “Rəhmətlik Rza Təhmasib deyirdi ki, “bilirsən bundan nə yaxşı aktyor olar”. Buna baxmayaraq mən qarmonla artıq xeyli uğur qazanmışdım. Yeddi dəfə respublika müsabiqəsində birincilik qazanmışdım və hər dəfə də qalibiyyətdən sonra məni radioya yollayıb yeni ifalarımızı lentə yazdırırdılar. İlk lent yazım 1953-cü ildə olub – 10 yaşımda. Fond üçün yazım isə 17 yaşımda, yəni 1960-cı ildə”.
Bu sənətlə dünyanı gəzmişəm
Çoxları onu xaçmazlı kimi tanıyır. Ancaq sənətkar deyir ki, atamı partiya işi ilə əlaqədar Xaçmaza göndərilir və uşaqlar orada böyüyürlər: “Xaçmaz camaatı indi də deyir ki, Zakir Mirzəyev xaçmazlıdır. Mən də zarafatla “Yox, Xaçmaza gələnlərdənəm” deyirəm.
Zakir müəllim deyir ki, musiqi onu müdrik insana çevirib: “İnanclı insanam və Tanrının qüdrətindən böyük zövq alıram. Nə qədər çalışsan da, yazıdan qaçmaq olmur. Həyat bir imtahandır. Tanrı bu sənəti mənə bəxş etdiyi üçün həmişə şükür etmişəm. Çünki bu sənətlə mən bütün dünyanı gəzmişəm. Niyazi rəhmətlik o vaxt mənim ifamı dinləyib kövrəlmişdi. Maestro həmişə deyərmiş ki, qarmonu niyə birəlli ifa edirsiniz? Ona görə də mənim ikiəlli ifamı görəndə çox təsirlənmişdi. Atam mənə deyirdi ki, qarmon ifaçıları həmişə bir əl ilə ifa edirlər. Sən çalış, iki əlini də işlət. Bu mənim qulağımda sırğa kimi qalmışdı. İlk dəfə qarmonda bəstəkar əsərlərini də mən ifa etmişəm. Bu, Tofiq Bakıxanovun simfonik əsəri idi. Simfonik əsərə özümü nümayiş etdirmək üçün deyil, qarmon alətinin nəyə müvəffəq olduğunu göstərməkdən yana müraciət etdim”.
Zakir Mirzəyev 2005-ci ildə qarmon ifaçılığından dissertasiya müdafiə edib. Bu, Azərbaycan musiqişünaslığında ilk addım hesab olunub: “Bu həvəs ondan yarandı ki, ali məktəbi bitirəndən sonra məni filarmoniyaya solist yolladılar. Nəzakət Məmmədova, İslam Rzayev, Şəfiqə Eyvazova, Ramiz Quliyev və digər tanınmış ifaçılardan ibarət kollektivlə Hollandiyaya qastrol səfərimiz olmuşdu. Həmin konsertdə mən əvvəlcə öz musiqimizi, sonra Avropa bəstəkarlarının əsərlərini ifa etdim. Bundan sonra Niyazi məni Hindistana və Nepala yolladı. Fikrət Əmirov, Habil Əliyev də var idi bu qastrol səfərimizdə. Nepaldan da Tibetə getdik. Həmin vaxt Tibetdə qarmonun tarixini öyrəndim. Müdafiə mövzum da bu oldu. Əsas da qarmona ögey münasibətdən təsirlənib elmi-tədqiqat işi yazdım. Sənətimi sevən iki insan – Xalq artisti Tofiq Bakıxanov və Xalq yazıçısı Qılman İlkin dissertasiya müdafiə etməyimi çox istəyirdilər. Qılman müəllim mövzu olaraq elə qarmonu seçməyimi istədi. 2005-ci ildə alimlik dərəcəsi almaq üçün “Azərbaycan musiqisində qarmonun rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə etdim. Onu da deyim ki, tanınmış musiqişünas, unudulmaz insan Ramiz Zöhrabov məni elmi iş müdafiəsi üçün çox həvəsləndirdi. Qarmonun mənşəyi Tibetə gedib çıxır. Bununla bağlı ilkin elementlər bizim eradan əvvəl Tibetdə tapılıb”.
Vyetnamın fəxri vətəndaşı
Sənətkarın Vyetnamın fəxri vətəndaşı olmasının da maraqlı tarixçəsi var: “Vyetnam çox rütubətli yerdir. Orada qastrolda olduğum zaman qarmonun kəməri dəridən olduğu üçün konsertlərdə tez-tez qırılırdı. Tarzən Həbib Bayramov, nağara çalan Böyükağa Muradov və müğənni Zaur Rzayevlə birgə idik. Paytaxt Hanoyda sonuncu konsertdə də sonuncu ifa mənim olacaqdı. Qarmonun kəməri az qalır qırılsın. Mən də ürəyimdə dua edərək çalıram. Səid Rüstəmovun “Qurban adına” əsərindən bir ərəb kompozisiyasına keçid etdim. Elə bu zaman qarmon əlimdən çıxdı. Rəhmətlik Böyükağa da çaşdı. Bu zaman az-çox aktyorluğum olduğu üçün vəziyyətdən çıxış yolu tapdım. Qarmonu çevirib sol əlimlə ifa etməyə başladım. Tamaşaçılar arasında ruslar da vardı. Onlar konsertdən sonra məni tutub yuxarı atırdılar. Hətta ruslar orada qarmona salmaq üçün mənə minik maşınının kəmərini də verdilər. Bu konsert böyük əks-səda doğurdu. Səhəri gün Vyetnamın rəhbəri bizi qəbul edəndə təkcə mənə yox, qastrolda olan bütün sənət dostlarımla birgə bizə fəxri vətəndaşlıq verildi”.
Zakir müəllim ifaçılıqla yanaşı, 25 il pedaqoji fəaliyyətlə məşğul olub. 100-ə yaxın yetirməsi var. Onların sırasında Kənan Əsədovun da adını qeyd edir. Deyir ki, Kənan hazırda Musiqi Kollecində dərs deyir.
Sənətkar öz ailəsində qarmon ifaçılığını heç kəsin davam etdirməməsindən təəssüflə danışır. Deyir oğlunu və qızını musiqi məktəbinə yazdırsa da, bu sahəyə həvəsləri olmayıb.
Zakir müəllimdən onun hansı əsərinin daha çox tanıtdığını xəbər alıram. “Muğam və rəqs” əsərinin adını çəkir. Bu əsərin onu dünyada tanıtdığını deyir: “Bu əsərə qədər heç kim heç bir alətdə həmin notlara qədər gedib çıxmamışdı. 1962-ci ildə bəstələdiyim bu əsər 1964-cü ildə Azərbaycan Radiosunda lentə alınıb”.
Sonda qocaman sənətkardan oxucularımız üçün ürək sözlərini soruşuram: “Mən ölkəmizin gözəlliyinə, vətənimizin bütövlüyünə görə dövlətimizə, ölkə rəhbərliyimizə təşəkkür edirəm. Prezidentimizin dünya mediasına verdiyi müsahibələri diqqətlə izləyirəm. Bu mənə böyük zövq verir. Bu gün şəhərlərimiz, kəndlərimiz abadlaşır. Bundan gözəl nə ola bilər. Mənə göstərdiyiniz diqqətə görə qəzetinizin kollektivinə ayrıca təşəkkür edirəm”.
Lalə Azəri