Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Atlant» MMC-yə məxsus istirahət mərkəzi və «Nişanə» MMC-yə aid «Malibu» istirahət mərkəzində yoxlama aparıb.

   Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı müəyyən olunub ki, «Atlant» MMC-nin mətbəxləri ümumi vəziyyətinə görə normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur.
   «Nişanə» MMC-yə məxsus «Malibu» istirahət mərkəzində də araşdırma zamanı mətbəxlərin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub. Yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun gəlməyib.
   İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə hər iki müəssisə ilə bağlı protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
   Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi hər hansı mehmanxana və mehmanxana tipli obyektə lisenziya verərkən mütləq həmin obyektin sanitar-ekoloji gigiyenik normaların tələblərinə cavab verməsi barədə Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən verilmiş arayışın surəti tələb olunur: «Bundan əlavə, nazirliyin monitorinq qrupu hər il yay turizm mövsümünün əvvəlində turizm obyektlərində yoxlamalar aparır, onların mövsümə hazırlıq səviyyəsini yoxlayır. Nazirliyin monitorinq qrupunun tərkibində Respublika Sanitariya və Epidemiologiya Mərkəzinin nümayəndəsi də olur. Sadəcə olaraq, monitorinqlər mövsümün əvvəlinə təsadüf etdiyindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aşkar etdiyi yuxarıdakı hallarla biz qarşılaşmırıq. Bizim monitorinqlər zamanı mətbəxdəki avadanlıqlar yoxlanır, amma yeməyin hazırlanması prosesini izləyə bilmirik. Bunları nəzərə alaraq, biz növbəti ildən monitorinqləri, xüsusilə də mənfi halların aşkarlandığı obyektlərdə mövsümün ortasında, turistlərin kütləvi şəkildə istirahət etdiyi vaxtda aparmaq niyyətindəyik».
   O ki qaldı aşkar edilən nöqsanlarla bağlı «Atlant» və «Malibu» istirahət mərkəzlərinin lisenziyasının dayandırılıb-dayandırılmayacağına, nazirlik rəsmisi bildirdi ki, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin çıxardığı qərardan asılıdır. 

   Fəxriyyə Abdullayeva