Ölkəmizdə bu turizm növünün böyük imkanları var
   
   Dünyanın əksər turizm ölkələrində olduğu kimi, Azərbaycanda da artıq Konqres Bürosu fəaliyyətə başlayıb. Bu təsisat beynəlxalq səviyyədə əlaqələrin qurulmasını, müxtəlif konqres və forumların ölkədə keçirilməsini təmin edir və beləliklə, ölkəyə turist cəlbində mühüm rol oynayır.
   
   Bu baxımdan Konqres Bürosu Azərbaycanda turizmin mövsümiliyinin aradan qaldırılmasına da kömək edəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Konqres Bürosunun gələcək fəaliyyətindən danışarkən bu məqamı xüsusi vurğuladı. Nazir qeyd etdi ki, konqres turizmi özlüyündə vacib bir istiqamətdir və Azərbaycanda son illər bu turizm növü populyarlıq qazanır: “Azərbaycanda ilboyu əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir. 2015-ci ildə Bakıda ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu ərəfədə çoxsaylı tədbirlər gerçəkləşəcək. Məhz bu tədbirlər zamanı qonaqlara göstərilən xidmətləri yüksəltmək üçün belə bir qurumu təsis etməyə qərar verdik. Konqres Bürosu Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqinə də töhfə verəcək”.
   
   Konqres turizminin inkişafı mövsümiliyi aradan qaldırır
   
   Qeyd edək ki, xarici ölkələrdə konqres turizmindən çox bacarıqla istifadə edirlər və bu, turizm mövsümünün uzadılmasına imkan yaradır. Məsələn, Şimali Kipr kimi kiçik ölkədə turizm mövsümü 7-8 ay sürür. Bunun üçün payız-qış aylarında konqres turizmi tətbiq edilir. Hotellər boş olduğu dönəmlərdə universitetlər və digər qurumlar özlərinin beynəlxalq tədbirlərini burada keçirirlər. Bu, hotel sahiblərinə də sərf edir.
   Turizm üzrə mütəxəssis Bahadur Bilalovun sözlərinə görə, konqres turizmi - işgüzar və biznes turizmin bir qolu kimi bir çox ölkələrdə geniş yayılıb: “Turizmin inkişaf etdiyi ölkələrdə turist axınının bərabər paylanması üçün bu növdən bacarıqla istifadə edirlər. Bir çox hallarda müxtəlif forum, simpozium və digər tədbirlərə qatılmaq üçün səfər edən mütəxəssislər ailə üzvlərini də özləri ilə aparmaq istəyirlər. Bu səbəbdən də konqres turizminin inkişafında maraqlı olan təşkilatlar bu məsələni diqqətdə saxlamalı, tədbir iştirakçılarının ailə üzvləri üçün xüsusi ekskursiya proqramları təklif etməlidirlər. Hesab edirəm ki, Azərbaycan Konqres Bürosunun fəaliyyəti turizmin bu növünün inkişafına səbəb olacaq. Çünki bu turizm istiqamətinin Azərbaycanda perspektivləri yüksəkdir. Sadəcə, hotellər bu məsələyə maraq göstərməli, bu tip tədbirlər üçün xüsusi endirimlər tətbiq etməlidir».
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun fikrincə, Azərbaycandakı mövcud infrastruktura görə konqres turizmi hazırda inkişaf mərhələsindədir: «Yeni yaranan hotellər, ötən il istifadəyə verilən «Crystall Holl», geniş tədbirlər keçirmək üçün əlverişli şəraiti olan Heydər Əliyev Mərkəzi və s. obyektlər bizə imkan verir ki, ölkəmizin paytaxtında və bölgələrimizdə beynəlxalq səviyyəli simpozium və konfransları, yarmarkaları, görüş və sərgiləri keçirə bilək. Bundan əlavə, Azərbaycana gələn turistlərin tərkibi də ölkəmizdə konqres turizmini inkişaf etdirməyə şərait yaradır».
   Sektor müdiri onu da qeyd etdi ki, konqres turizminin inkişafını zəruri edən amillərdən biri də onun konkret mövsümlə bağlı olmamasıdır: «Bu turizm növü hər hansı bir insanın və ya təşkilatın özünə uyğun bir vaxtda istədiyi ölkədə keçirdiyi tədbirlə bağlıdır. Bunun hava şəraitinə, mövsümə dəxli yoxdur. Bu baxımdan konqres turizminin inkişafı turizmin mövsümiliyini də aradan qaldırır».
   Nazirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycanda bu turizm növü hələlik bəzi ölkələrdəki kimi yüksək səviyyəyə çatmayıb, amma artıq bu yolda mühüm işlər görülməkdədir. Azərbaycan Konqres Bürosunun təsis edilməsi də buna zəmin yaradacaq.

   Fəxriyyə Abdullayeva