Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) 140 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının sərəncamına əsasən Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Tədbirdə “Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə” adlı film nümayiş olunub.
Çıxışlarda bildirilib ki, M.Ə.Rəsulzadə XX əsrin ilk onilliklərində Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərib. O, siyasi fəaliyyəti ilə bərabər, dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irs yaradıb. Ömrünü mühacirətdə başa vuran Rəsulzadə müstəqil Azərbaycan uğrunda mübarizəsindən əl çəkməyib.
Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondundakı kitabların sərgisi ilə tanış olublar.