Böyük Britaniya taxt-tacının yeni vəliəhdinin doğulması ölkə iqtisadiyyatına 521 milyon funt sterlinq (təxminən 800 milyon dollar) gəlir gətirib. Bu gəlirin çox hissəsi turistlərin hesabına əldə olunub. Bu məbləğin təxminən 319 milyon dolları ölkəyə ümumi marağın artması və istehlak tələbatının stimullaşdırılması hesabına yığılıb.
“Brand Finance” agentliyinin ekspertləri hesab edirlər ki, yeni “əlahəzrət Kembric şahzadəsi”nin dünyaya gəlməsi münasibətilə keçirilən bayram tədbirlərindən 134 milyon dollar gəlir əldə edilib. Üzərində kral ailəsinin rəmzi olan suvenirlərin satışından 143 milyon dollar, içkilərin satışından 95 milyon dollar, kitablardan 61 milyon dollar, DVD-lər və digər informasiya daşıyıcılarının satışından 55 milyon dollar əldə edilib.
Şahzadənin doğulması ilə əlaqədar Böyük Britaniyaya gələn xarici turistlərin sayı da artıb. Turizm şirkətləri Kembric hersoginyası Ketrin Middlton və şahzadə Uilyamın övladının dünyaya gəlişini xüsusi aksiyalarla qeyd edərək ölkəyə gələn əcnəbilər üçün endirim kampaniyaları həyata keçiriblər. “Jurys İnn hotel” mehmanxanalar şəbəkəsində isə Ketrin və Uilyamın oğlu Corc Aleksandr Luinin adaşı olan bütün turistlərə bir şüşə şərab hədiyyə edilib.
Fəxriyyə Abdullayeva