Yanvarın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkar İlahə Qismətin “Rəngli lövhələr” fortepiano məcmuəsinin təqdimatı keçirilib.
ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bu məkanda vaxtaşırı olaraq gənc bəstəkar və musiqişünasların yaradıcılığına dair tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İlahə Qismət də belə istedadlı müəlliflərdən biridir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə, Mədəniyyətşünasıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nemət Mürsəlov, BMA-nın doktorantı Fidan Nəsirova-Əhmədova İlahə Qismətin bəstəkarlıq, ifaçılıq və elmi fəaliyyəti haqqında fikirlərini bildiriblər.
“Rəngli lövhələr” məcmuəsinin uşaqların musiqi tərbiyəsində mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Bəstəkar İlahə Qismət fortepiano məcmuəsinin yaranması ilə bağlı fikirlərini bölüşüb.
Sonra balaca ifaçılar “Rəngli lövhələr”dən musiqi nümunələri səsləndiriblər.
ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək İlahə Qismətə yaradıcılıq uğurları arzulayıb.