Olaylar, faktlar (31 yanvar – 3 fevral)

 

176 il əvvəl...

 

2 fevral 1848-ci ildə ABŞ-la Meksika arasındakı müharibə (1846-1848) birincinin qələbəsi ilə yekunlaşıb. Texas, Nyu-Meksika və Yuxarı Kaliforniya üç yeni ştat olaraq ABŞ-yə birləşdirilib.

 

122 il əvvəl...

 

31 yanvar 1902-ci ildə Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat törədib. Şamaxıda və ətraf kəndlərdə 2 mindən çox sakin həlak olmuş,  20 min nəfərədək əhali evsiz qalmışdı. Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

100 il əvvəl...

 

3 fevral (bəzi mənbələrdə 8 fevral) 1924-cü ildə Bakıda tramvay nəqliyyatı istifadəyə verilib. 1899-cu ildə Bakıda konka (relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən açıq vaqon) işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xəttinin çəkilişi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olundu.

 

94 il əvvəl...

 

1 fevral 1930-cu ildə SSRİ Xalq Komissarları Soveti “Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında” qərar qəbul edib. Repressiya maşını işə düşüb. Kolxoz quruculuğuna qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.

 

81 il əvvəl...

 

2 fevral 1943-cü ildə II Dünya müharibəsinin ən qanlı savaşı – 1942-ci ilin 17 iyulunda başlamış Stalinqrad döyüşü sovet qoşunlarının qələbəsi ilə başa çatıb. Altı ay sürən döyüşlərdə sovet qoşunları 480 minə, faşist ordu hissələri 500 minədək hərbçi itirmişdi. Döyüş bölgələrində on minlərlə sakin həlak olmuşdu. 90 mindən çox alman hərbçisi, o cümlədən feldmarşal Fridrix Paulus və 24 general əsir götürülmüşdü. Stalinqrad zəfəri müharibədə SSRİ-nin xeyrinə dönüş yaratdı, almanların Qafqazı, o cümlədən Bakını ələ keçirmək planları alt-üst oldu.

 

75 il əvvəl...

 

1 fevral 1949-cu ildə Türkiyənin paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyi təsis edilib. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan qurum dünyadakı azərbaycanlıların təşkilatlanması sahəsində mühüm addım idi.

 

66 il əvvəl...

 

3 fevral 1958-ci ildə Haaqa (Niderland Krallığı) şəhərində bir araya gələn Belçika, Niderland və Lüksemburq gələcək Avropa Birliyinin özəyi olan “Benilüks” iqtisadi ittifaqının əsasını qoyublar.

 

28 il əvvəl...

 

2 fevral 1996-cı ildə Bakıda Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Bir il sonra (1 fevral 1997-ci il) Prezident Heydər Əliyev həmin əlamətdar hadisəni və dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu nəzərə alaraq 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi barədə sərəncam imzalayıb.

Hazırladı: V.Orxan