Bu dəfə “Mona Liza” hədəf seçilib
Parisin Luvr Muzeyində “Mona Liza” portreti bu dəfə “sağlam qida müdafiəçiləri”nin vandal hücumuna məruz qalıb.
Hadisə ilə bağlı yayılan videogörüntülərdə “qida əks-hücum” yazılmış köynək geyinmiş iki qadının Leonardo da Vinçinin dünyaca məşhur rəsm əsərinə şorbanı atması əks olunub. Gülləkeçirməz şüşə arxasında nümayiş olunan əsər heç bir zərər görməyib.
Etirazçılar daha sonra rəsm əsərinin qarşısında dayanaraq “Daha vacib nədir? İncəsənət, yoxsa sağlam və davamlı qida hüququ? Sizin kənd təsərrüfatı sisteminiz xəstədir”, – deyə qışqırıblar.
Fransanın mədəniyyət naziri Raçida Dati deyib ki, heç bir səbəb “Mona Liza”nın hədəfə alınmasına haqq qazandıra bilməz.
Qeyd edək ki, iqlim və sağam qida “fəalları” tez-tez bu cür etiraz üsulu ilə gündəmə gəlirlər. Onların əsas istəyi guya bununla aclıq və digər ciddi fəsadlar törədəcək hadisələrə cəmiyyətin və məsul şəxslərin diqqətini çəkməkdir.
2022-ci ildə London Milli Qalereyasında Van Qoqun “Çiçəkləyən şaftalı” tablosunun çərçivəsini zədələyən iki ekoaktivist 21 gün həbs cəzasına məhkum edilmişdi. Ondan əvvəl həmin qalereyada Van Qoqun məşhur “Günəbaxanlar” tablosu da bənzər hücuma məruz qalmışdı. “Just Stop Oil” üzvləri tabloya pomidor şorbası atmışdılar. Xüsusi şüşə ilə mühafizə edilən əsər zərər görməmişdi.
Ekoaktivistlərin Almaniyanın Potsdam şəhərindəki Barberini Muzeyində Klod Monenin, Avstraliyadakı muzeylərin birində Pablo Pikassonun tablolarına da özünəməxsus formada etirazları olmuşdu.
V.Kamal