Dünyanın aparıcı turizm regionlarından olan Türkiyə bu sahədə uğurlu inkişafı davam etdirərək 2023-cü ildə 10% artımla (bir il öncə nisbətən) 56,7 milyon əcnəbi ziyarətçi qəbul edib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, ölkənin turizm gəliri illik müqayisədə 17% artaraq 54,3 milyard dollara, ziyarətçilərin 1 gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Bu, əcnəbi ziyarətçilərin sayı və turizm gəlirləri üzrə ölkə üçün ən yüksək göstəricilərdir.

 

Rekord turizm tələbi

 

Dəniz, qum və günəş – çimərlik turizmi üçün bənzərsiz imkanlarla yanaşı, mədəniyyət, incəsənət, qastronomiya, velosiped idmanı və dini turizm baxımından da Avropanın ən çox seçilən istiqamətləri arasında olan Türkiyə 2023-cü ildə rekorda imza atıb. Ölkə 2024-cü ildə 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib. Turizm strategiyaları çərçivəsində bazar müxtəlifliyinə üstünlük verən Türkiyə bu il yeni hədəf bazarlara fokuslanaraq cari strateji bazarlarda fəaliyyətini davam etdirəcək.

 

Qlobal Davamlı Turizm Şurası ilə protokol imzalayan ilk ölkə

 

Türkiyənin turizm uğurunun arxasında ziyarətçilər üçün cəlbedici mühit yaratmağa yönələn strateji və uzaqgörən siyasət dayanır. Bu siyasət sayəsində turizmi daha davamlı və əhatəli sahəyə çevrilib. Türkiyə dünyada 2022-ci ildə hökumət səviyyəsində Qlobal Davamlı Turizm Şurası (Global Sustainable Tourism Council – GSTC) ilə razılığa gələn və bunu sektor tələbi olaraq həyata keçirən ilk ölkə oldu.

GSTC ilə imzalanmış əməkdaşlıq müqaviləsinin nəticəsi olan Türkiyə Davamlı Turizm Proqramı ziyarətçilər arasında da inam və etibar yaradır. Bu proqramla Türkiyə müxtəlif, davamlı təcrübələr, o cümlədən ekoloji cəhətdən təmiz yaşayış yerləri, velosiped sürmə və trekking (piyada turizmi, adətən bir neçə günlük – red.) fəaliyyətləri təklif edir, bunların hamısı ölkənin irsi ilə onu qoruyan insanlar arasında daha dərin əlaqə yaratmağa yönəlib.

 

İlboyu, çoxyönlü səyahət

 

Özünəməxsus coğrafi mövqeyi, üç tərəfdən mavi dənizlə əhatə olunması və tarixi zənginliyi ilə tanınan Türkiyə ilboyu çoxyönlü səyahət cənnəti olaraq seçilir. Turizm aktivlərini dünyaya nümayiş etdirmək üçün cəsarətli addımlar atan ölkə, ecazkar şəhər gəzintiləri, idman fəaliyyətləri, beynəlxalq tədbirlər və festivallar da daxil olmaqla, qeyri-adi məhsul müxtəlifliyi ilə ziyarətçilərin diqqətini çəkir.

Bununla belə, Türkiyənin turizm təklifləri təkcə onun populyar destinasiyaları ilə məhdudlaşmır. Ölkənin cazibəsi arxeoloji möcüzələri də əhatə edərək tanınmış görməli yerlərdən kənara çıxır. Mədəni irsin davamlılığını təmin etmək üçün bu arxeoloji inciləri qorumaq üçün çoxsaylı arxeoloji qazıntı və bərpa layihələri həyata keçirilir. Bu sahədə qabaqcıl olan Türkiyə arxeoloji layihələrini 2023-cü ildə 720-yə çatdırıb. Layihələrin 2024-cü ildə 750-yə çatması ölkənin mədəni irsin qorunmasında liderliyini möhkəmləndirəcək. Üstəlik, ölkə gecə gəzintiləri üçün məşhur arxeoloji yerləri işıqlandırmaq, bu tarixi sərvətləri axşam səması altında nəfəs kəsən tamaşalara çevirməklə ziyarətçiləri ovsunlayır. İzmirdəki Efes, Denizlidəki Hierapolis, Antalyadakı Patara və Side kimi yerlər təkcə Türkiyənin tarixi irsini nümayiş etdirməklə kifayətlənmir, həm də ziyarətçilərə ölkənin zəngin mədəni irsi ilə daha yaxın və sehrli əlaqə yaratmaq üçün unikal imkan yaradır.