Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dosent Əli Fərhadov “Cənubi Azərbaycanda qadın məsələsi: “Azərbaycan” qəzetinin (1947-1949) materialları əsasında” mövzusunda elmi araşdırma aparıb. Alimin apardığı tədqiqatdan bəhs edən məqalə Türkiyədə “Dünya insan bilimleri” beynəlxalq indeksli elmi jurnalda dərc olunub. Məqalədə qəzet materialları əsasında dövrün qadın problemləri təqdim edilib.
Dosent Əli Fərhadov apardığı elmi araşdırmalarla bağlı müsahibəsində deyib: “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə Təbrizdə, 1947-1949-cu və sonrakı illərdə isə Bakıda nəşr edilib. Demokratik mətbu orqanı olan “Azərbaycan” qəzetində XX əsrin I yarısında Cənubi Azərbaycanda şah rejiminə qarşı mübarizə, milli-mədəni, ictimai-siyasi haqların təbliği, o cümlədən qadın azadlığı mövzusu əsas yerlərdən birini tutur. Qəzetdə Pəhləvi şah rejimi dövründə nəinki azərbaycanlıların, hətta bütün Pəhləvi təbəələrinin, xüsusilə qadınların zülmə və ayrı-seçkiliyə məruz qalması tənqid edilirdi. Hələ 1945-ci ildə qəzetin nömrələrində Firidun İbrahiminin məqalələrində qadın hökmdar Tomrisin qəhrəmanlığı Azərbaycan qadınlarına nümunə göstərilirdi. Qəzetdə ana dili, demokratik hüquq və azadlıqlar təbliğ edilir və demokratik dünya ölkələrindən nümunələr göstərilirdi. Həmçinin qəzetdə qadınların beynəlxalq vəziyyəti, 8 Mart - Beynəlxalq Qadınlar Günü və s. məsələlər barədə məlumat verilirdi.
“Azərbaycan” qəzeti göstərirdi ki, məmurların özbaşınalığına və ya ölkədəki ağır ictimai-siyasi, iqtisadi duruma etiraz edən qadınlar cəzalandırılır, hətta həbs və ya sürgün edilirdi. İctimai-siyasi, iqtisadi problemlərlə yanaşı, səhiyyə məsələsi də Pəhləvilər dövrünün əsas problemlərindən biri idi. Xəstəxanaların yetərsizliyi, dərmanların qıtlığı və bahalılığı, bölgələrdə həkim azlığı və ya yoxluğu səbəbindən erkən ölümlər, doğuş vaxtı ana və körpələrin tələf və ya əlil olması o dövrdə adi bir hal idi. “Azərbaycan” qəzeti yazırdı ki, Cənubi Azərbaycanda xəstəxanalar, profilaktik tədbir və təcili kömək müəssisələri az olduğuna və ya çox yerlərdə olmadığına görə müalicə fərdi olaraq geniş xalq kütləsini əhatə edə bilmir. Nəticə etibarilə əhaliyə tibbi yardım göstərmək müşkül məsələ idi. Kəndlərdə, qəsəbələrdə dərmanxana və həkim yox idi.
“Azərbaycan” qəzetində zəhmətkeşlərin, xüsusilə qadınların öz haqları uğrunda mübarizə aparmaları üçün təşkilatlanmalarının gərəkliyi bildirilir və yazılırdı ki, qadınların bu qədər ədalətsizlik və haqsızlığa məruz qalmalarının səbəbi onların hüququnu müdafiə edən bir təşkilatın yoxluğundan irəli gəlir. Şah rejimi bəzi qadın təşkilatları yaratsa da, qəzet göstərirdi ki, onlar hay-küy salıb xalqı aldatmağa çalışırlar.
Qadınlara qarşı məhdudiyyətlər təkcə hökumətin sərt tədbirləri ilə tətbiq edilmir, bir sıra şəxslər təhsil almaq məsələsini də qadınlara günah hesab edir, hətta qəzet və radiolarda qadınların azadlığı əleyhinə məqalə, nitq və çıxışlar təşkil edirdilər. İrticaçı qüvvələr qadınları cəhalət içərisində saxlamağa çalışırdılar. “Azərbaycan” qəzeti şah rejiminin xalqa bir qul kimi baxdığını və daim onu istismar etmək, əsarətdə saxlamaq istədiyini göstərir və xalqı ona qarşı mübarizələrə səsləyirdi. Bu istiqamətdə qəzetdə Mədinə Gülgünün, Hökumə Billurinin şeirlərindən nümunələr də təqdim edilir, qadınlara öz haqları uğrunda mübarizə, ictimai-siyasi, milli maarifçilik yolu göstərilirdi”.