Dünya üzrə turist səfərlərində 5 faiz artım qeydə alınıb
   
   Dünya Turizm Təşkilatının dünyada turist səfərləri ilə bağlı 2013-cü il üçün proqnozları özünü doğrultmaqdadır. Təşkilatın yaydığı xəbərdə bildirilir ki, bu ilin ilk 6 ayının nəticələrinə görə, dünya üzrə 500 milyon turist səfəri qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir.
   
   Bu göstərici DTT-nin ilin əvvəlində 3-4 faiz artımın olacağı ilə bağlı proqnozlarının, eyni zamanda «Turizmin 2030-cu il perspektivləri» adlı sənədin doğruluğunu göstərir.
   Eyni zamanda bu, bazar iqtisadiyyatına keçmiş ölkələrin büdcələrində 6 faiz, iqtisadiyyatı yenicə inkişaf etməkdə olan ölkələrin büdcələrində isə 4 faiz artım deməkdir. Təşkilatın ekspertləri bu nəticəni uzun illərin təcrübəsinə istinad edərək hesablayıblar.
   “Beynəlxalq turizmin səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozların özünü doğrultması bir daha onu göstərir ki, insanların səyahət etmək istəyi onların iqtisadi vəziyyəti ilə az bağlıdır”, - deyə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai nəticələri şərh edərkən bildirib: “Hər bir ailə ildə bir dəfə səyahət etmək xətrinə öz büdcəsinə qənaət etməyi bacarır. Bu onun sübutudur ki, artıq turizmin iqtisadiyyatın aparıcı istiqaməti olduğunu, həmçinin yeni iş yerlərinin yaranmasında, ölkələrin sosial-iqtisadi inkişafında bu sahənin əvəzsiz rolunu etiraf etməyin zamanıdır».
   Təşkilatın məlumatında ayrı-ayrı regionlar və subregionlar üzrə nəticələrə də toxunulub. İlin altı ayında Avropa üzrə 5 faiz, Mərkəzi və Şərqi Avropa üzrə 10 faiz, Cənubi Avropa və Aralıq dənizi ölkələri üzrə 6 faizlik artım qeyd alınıb. Həmçinin Asiya-Sakit okean ölkələri 6 faiz, Cənub-Şərqi Asiya 12 faiz, Cənubi Asiya 7 faizlik artımla gözlənilən proqnozları doğruldub.
   Bununla bərabər, regionlar içərisində gözlənilməz nəticə göstərənlər də olub. Belə ki, Cənubi Amerika və Karib dənizi ölkələri turist səfərlərinə görə ən aşağı nəticəni (2 faiz) göstərib.
   2013-cü ilin birinci yarısının nəticələrinə görə, Çin 31 faiz, Rusiya isə 22 faiz gəlirlə turizmdən ən yüksək gəlir əldə edən 10 ölkə arasında liderlik edir.
   Qeyd edək ki, dünyanın əksər ölkələrində 2013-cü ilin yay turizm mövsümünün ən qaynar iki ayı - iyul və avqust ikinci yarımilin payına düşdüyündən, Dünya Turizm Təşkilatı ilin sonuna qədər ekspertlərin proqnozlarının özünü tam doğruldacağını bildirir.

  Fəxriyyə Abdullayeva