Avropanın ən qocaman mahnı yarışması (əsası 1951-ci ildə qoyulub) sayılan və italyan estrada musiqisini dünyaya yayan San-Remo festivalının (6–10 fevral) builki qalibi Ancelina (Angelina) Manqo olub. Nüfuzlu festivala ilk dəfə qatılan 23 yaşlı müğənni beş gün sürən gərgin mübarizədə uğur qazanıb.

Yıxıldı, ağladı, qalib gəldi – festivalı işıqlandıran media qurumları Liquriyanın çiçəkli sahilində keçirilən 74-cü San-Remonun debütantının qələbəsini bu kimi sözlərlə ifadə ediblər.

Ənənəvi olaraq İtaliyanın RAI telekanalı ilə yayımlanan musiqi festivalının beş axşamının sonuncusunda, belə demək mümkünsə, finiş xəttində o, Kampaniya ləhcəsində “I p’me, tu p’te” (“Mən varam, sən varsan”) mahnısı ilə Neapoldan olan repçi Jellieri qabaqlayıb. Ancelina Manqo qələbəsini bazar axşamı 34 faiz ilə ümumi reytinqə daxil olan tamaşaçıların səsverməsinə də borcludur.

Müğənninin festivalın ilk axşamı “La noia” (“Sıxıntı”) mahnısını oxuyub qurtaranda səhnənin pilləkənlərində yıxılması, hətta göz yaşları da ona tamaşaçıların səsverməsində kömək edib. Qələbəsi elan edildikdən sonra isə o, bu dəfə minnətdarlıq hissli göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, son on ildə ilk dəfə bir xanım ifaçı San-Remo festivalının qalibi olub. İtaliyanın ictimai yayım şirkəti RAI may ayında Malmödə (İsveç) keçiriləcək növbəti “Avroviziya” müsabiqəsində ölkəni Ancelina Manqonun təmsil edəcəyini də açıqlayıb.

V.Kamal