Məşhur pianoçu, bəstəkar və prodüser Stiv (Steve) Barakatt “Neoreallıq” dünya turu çərçivəsində fevralın 10-da Heydər Əliyev Mərkəzində konsert verib.
Musiqiçinin Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin sevilən əsərləri daxil edilib.
1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir.
O həmçinin BMT-nin Uşaq Fondu – UNICEF-in xoşməramlı səfiridir. Musiqiçi UNICEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı konsertində həmin mahnını da ifa edib.
Onun bir çox əsərləri dünyanın 150-dən çox teleşousunda, o cümlədən Monako avtomobil Qran-prisində səsləndirilib.