Nyu-York şəhərində ən mötəbər sənət məkanı sayılan “Karnegi-holl” zalının səhnəsində tanınmış azərbaycanlı pianoçu Nərgiz Əliyarovanın konserti olub.
Azərbaycanın dünyaşöhrətli bəstəkarı Arif Məlikovun 90 illiyinə həsr olunmuş musiqi axşamı anşlaqla keçib.
Nərgiz Əliyarova Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün pyesi ifa edib. Baletin süjet xətti və bu əsərin Arif Məlikovun yaradıcılığında mərkəzi rolunu qeyd edən pianoçu vurğulayıb ki, əsər dünyanın onlarla ölkəsində səhnəyə qoyulub və musiqi sənəti xəzinəsinə daxil edilib. Proqramda, həmçinin Bethoven, Şopen, Debüssi və Metnerin əsərləri səsləndirilib.
Tamaşaçılar musiqiçinin ifasını maraqla qarşılayıblar. Nərgiz Əliyarova alqışlar altında təkrarən Şopenin valsını ifa edib.
Nyu-Yorkda yaşayan pianoçu və musiqişünas Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir. Dünyanın 40-dan çox şəhərində solist qismində, kamera və simfonik orkestrlərlə çıxış edib. Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova 2010-cu ildə Polşa hökuməti tərəfindən “Şopen irsinə verdiyi görkəmli töhfəyə görə” mükafatına layiq görülüb. 25 il Bakı Musiqi Akademiyasında dərs deyib, fəlsəfə doktoru elmi dərəcəsi alıb, akademiyanın professoru olub. Bir neçə kitabın müəllifidir. Nyu-Yorkda təsisçisi olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan incəsənətinin təbliğinə töhfələr verir.