Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi (RMİ) və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən “Xalqın mədəni sərvəti” layihəsi davam edir.
Məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.
Layihə çərçivəsində 14-16 fevral tarixlərində dünyaşöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin (1918–1982) əsərlərindən ibarət “Musiqi paradı” təşkil edilib.
“Musiqi paradı”nın birinci günü Gəncə şəhər Heydər Əliyev Mərkəzində dahi bəstəkara həsr olunmuş konfrans keçirilib.
Layihənin ideya müəllifi, Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov onun gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən RMİ-yə təşəkkürünü bildirib. O, layihənin silsilə şəklində əbədiyaşar sənətkarlarımıza həsr olunacağını vurğulayıb.
RMİ-nin sektor müdiri Nurəddin Babazadə çıxış edərək layihənin əhəmiyyətindən söz açıb.
Konfrans zamanı Qara Qarayevin yaradıcılığında opera, balet, simfoniya janrı mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bundan öncə “Musiqi paradı” dahi bəstəkar Fikrət Əmirovun yaradıcılıq irsinə həsr edilmişdi.