Bakıda Naxçıvan incəsənət nümayəndələrinin iştirakı ilə konsert

 

Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının (NMR) yaranmasının 100 illiyi münasibətilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçirilib.

Konsertdən əvvəl Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və NMR mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidovun çıxışları dinlənilib.

Musiqili gecədə Naxçıvanın incəsənət nümayəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbəri və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Həmçinin bir neçə musiqi nömrəsində dirijor pultu arxasına Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyev keçib.

Nazim Quliyevin “Nəqşicahan” baletindən “Uvertüra” ilə başlayan gecədə Süleyman Ələsgərov, Səid Rüstəmov, Ramiz Mirişli, Ələkbər Tağıyev, Hacı Xanməmmədov, Həsən Rzayev, Firəngiz Babayeva kimi görkəmli bəstəkarların əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.

Konsert zamanı NMR-in Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin muxtariyyətin 100 illiyinə həsr etdiyi “Yurdum mənim” əsəri ilk dəfə ifa edilib.

Respublikanın Əməkdar artistləri Vilayət İsmayılov, Tural Nəcəfov, NMR-in Əməkdar artistləri Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidov (kamança), respublika və beynəlxalq müsabiqələr laureatları Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayev tərəfindən təqdim olunan musiqi nömrələri alqışlarla qarşılanıb.

Proqram Xalq artisti Gülyanaq Məmmədova və Zülfiqar Mahmudovun ifasında “Naxçıvan şikəstəsi” ilə sona çatıb.