Fevralın 15-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində tar ifaçılıq sənəti ilə bağlı silsilə ustad dərslərinin birincisi keçirildi.

BMM-in direktoru Sahib Paşazadə iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ustad-şagird ənənələrinin qorunmasıdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.

Tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov muğam sənətinin məsuliyyət və diqqət tələb etdiyini dedi. Bildirdi ki, bu qədim sənət əsrlərdən üzü bəri nəsildən-nəslə ustad-şagird ənənələri ilə ötürülür. O, layihə üzrə ilk ustad dərsinin ona həvalə olunmasından məmnunluğunu da dilə gətirdi.

Daha sonra dərs Milli Konservatoriya nəzdində Musiqi Kolleci tələbələrinin iştirakı ilə davam etdi. “Rast” muğamına həsr olunan dərsdə kollecin direktoru Nazim Kazımov çıxış edərək 57 il əvvəl Elxan Müzəffərovdan tar sənətinin sirlərini öyrəndiyini dedi, gənclərə bacardıqları qədər ustaddan ifaçılıq texnikalarını mənimsəməyi tövsiyə etdi.

Ustad dərsində bir çox nadir ifa olunan guşələrin adı çəkildi, onların ifa xüsusiyyətləri izah olundu. Tanınmış tarzənlərin də qatıldığı dərsdə “Rast”ın şöbələrinin ifasında mizrab vurğu və bölgüləri, ifada sürət-pauza və s. mövzularda diskussiya aparıldı. Nəzəri məlumatlar əyani ifalarla diqqətə çatdırıldı.

L.Azəri