Fevralın 14-də Nizami Kino Mərkəzində “Tək səs, tək ürək” adlı konsert proqramı təqdim olundu. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı təmsilçiliyi və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə qardaş ölkədən gələn sənətçi qrupu – Çağdaş Musiqi Dərnəyi çıxış etdi.
Konsertdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turqaner, Azərbaycan Milli Məclisinin üzvləri iştirak edirdilər.
Əvvəlcə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış edərək cəmiyyətin fəaliyyəti haqqında söz açdı. Bildirdi ki, konsertin məqsədi iki qardaş ölkə arasında mədəni və ictimai əlaqələrin inkişafına töhfə verməkdir. O, konsertin Çağdaş Musiqi Dərnəyinin ölkəmizdə ikinci tədbiri olduğunu, kollektivin 2018-ci ildə də Bakıya təşrif buyurduğunu dedi.
ŞKTC-nin Azərbaycandakı təmsilçiliyinin rəhbəri Ufuk Turqaner diqqətə çatdırdı ki, Çağdaş Musiqi Dərnəyinin budəfəki konserti Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.
Şimali Kiprlə Azərbaycan arasında əlaqələrin inkişafından danışan U.Turqaner bildirdi ki, bundan əvvəl bu il 100 illiyi qeyd olunan Naxçıvan Muxtar Respublikasında da konsert proqramı ilə çıxış edib: “Bu bizim üçün ayrı bir xoşbəxtlikdir. Mədəni əlaqələr iki qardaş ölkə arasında könül bağının birliyi üçün çox önəmlidir. Şimali Kiprin Azərbaycandakı təmsilçiliyi olaraq bu cür fəaliyyətlərə əhəmiyyət veririk”.
U.Turqaner çıxışının sonunda tədbirin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.
Çıxışlardan sonra təqdim edilən konsert proqramında Çağdaş Musiqi Dərnəyinin xoru (dirijor və bədii rəhbər Ersin Tunay) bir-birindən maraqlı, unudulmaz türk musiqilərini ifa etdi. Qardaş ölkə kollektivinin çıxışı alqışlarla qarşılandı.
Qeyd edək ki, Çağdaş Musiqi Dərnəyi Ersin Tunayın rəhbərliyi ilə 2013-cü ildə 18 musiqi könüllüsü ilə birgə yaradılıb. Bu gün kollektiv 85 üzvü ilə Şimali Kiprin ən böyük klassik musiqi xoru kimi uğurla fəaliyyət göstərir.
Lalə