Olaylar, faktlar (20 – 22 fevral)

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

 

411 il əvvəl...

 

21 fevral 1613-cü ildə rus boyarları Mixail Romanovu çar elan ediblər. Rüriklər sülaləsinin süqutundan (1605) sonra Rusiya çarlığında başlanan hərc-mərclik və dağılma prosesinin qarşısı alınıb. Romanovların hakimiyyəti üç əsr – 1917-ci ilədək davam etdi.

 

117 il əvvəl...

 

20 fevral 1907-ci ildə çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.

 

110 il əvvəl...

 

20 fevral 1914-cü ildə İstanbulda ilk elektrikli tramvay işləməyə başlayıb. İstanbulda ilk atlı tramvay (konka) xətti 1871-ci ildə istifadəyə verilmişdi.

 

36 il əvvəl...

 

20 fevral 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim (XDS-nin səlahiyyəti 1988-ci ilin yanvarında bitmişdi) sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul ediblər. Bu hadisə ilə Dağlıq Qarabağ münaqişəsi başlandı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr antirerror əməliyyatı ilə Azərbaycan bölgədə tam suverenliyini bərqərar edəndən sonra münaqişə də, Dağlıq Qarabağ anlayışı da tarixə gömüldü.

22 fevral 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan iki azərbaycanlı gənci qətlə yetiriblər.

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

 

30 il əvvəl...

 

21 fevral 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Komissiyaya xarici işlər naziri sədrlik edir.

Hazırladı: V.Orxan