Olaylar, faktlar (23–26 fevral)

 

106 il əvvəl...

 

23 fevral 1918-ci ildə Tiflisdə bir araya gələn Cənubi Qafqazın Ümumrusiya Müəssislər Məclisinin (bolşeviklər bu qurumda az yer qazandıqları üçün onun fəaliyyətinə imkan vermədilər) üzvləri regional parlament – Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul ediblər. Seymə gürcü sosial-demokratlar (menşeviklər), Azərbaycandan “Müsavat” partiyası, ermənilərin “Daşnaksütyun” partiyası daxil oldu. “İttihad”, “Hümmət”, müsəlman sosialistlər qruplarının da qatıldığı Azərbaycan fraksiyasına (44 nəfər) Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Seym 22 apreldə işə başladı və ömrü bir ay oldu. 

103 il əvvəl...

 

25 fevral 1921-ci ildə Cənubi Qafqaza yürüşünü davam etdirən bolşevik Rusiyasının ordu hissələri Azərbaycan və Ermənistandan sonra Gürcüstanda da sovet hakimiyyətini elan edib. 1918–1921-ci illərdə fəaliyyət göstərmiş Gürcüstan Respublikasının mövcudluğuna son qoyulub.

26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd də yer almışdı. Çar Rusiyasının İrana tətbiq etdiyi əsas qadağalar (o cümlədən Xəzərdə hərbi donanma saxlamağa qadağa) yeni müqavilədə qüvvədə qalmışdı.

 

98 il əvvəl...

 

26 fevral 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay açılıb. Martın 6-dək davam edən qurultayda Sovet İttifaqı və xarici ölkələrdən 100-dən çox nümayəndə iştirak edib. SSRİ-də yaşayan türkdilli xalqların əksəriyyətinin təmsil olunduğu qurultayda latın qrafikalı yeni əlifbaya keçidin prinsipləri də işlənib hazırlanmışdı.

 

80 il əvvəl...

 

23 fevral 1944-cü ildə Stalinin əmri ilə çeçen və inquşların Orta Asiyaya deportasiyası başlanıb. Rusiya Federasiyası tərkibində Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib. Sovet rəhbərliyi deportasiyanı çeçen və inquşların guya faşist Almaniyasına rəğbəti ilə əsaslandırmışdı. Ümumilikdə 500 minə yaxın insan köçürülmüşdü. 1956-cı ildə çeçen və inquşlara reabilitasiya verildi, bir il sonra RF tərkibində Çeçen-İnquş Muxtar Respublikası bərpa edildi. 1992-ci ildə iki ayrı muxtariyyətə bölündü.

 

33 il əvvəl...

 

24 fevral 1991-ci ildə Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər. Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.

 

32 il əvvəl...

 

26 fevral 1992-ci ildə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin də iştirakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində soyqırımı törədiblər. 613 nəfər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb.

Hazırladı: V.Orxan