İstedadlı viola ifaçısı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin III sinif şagirdi Dilşad Fərhadzadə İtaliyanın Pinerolo (Turin əyaləti) şəhərində keçirilmiş “Concorso Internazionale di Violino Massimo Marin – 2024” müsabiqəsində qalib olub.
Məşhur musiqiçi və ekspertlərdən ibarət münsiflər heyətinin yekdil qərarı ilə 100 bal toplamış Dilşad ən yüksək göstəriciyə nail olub. Səkkiz yaşlı ifaçı müsabiqə proqramından əlavə olaraq beynəlxalq müsabiqənin qala-gecəsində də çıxış edib.
Müsabiqənin sosial şəbəkə hesabında yayılan məlumatda Azərbaycan ifaçılıq məktəbinin ən gənc istedadlı nümayəndəsi kimi təqdim edilən Dilşad Fərhadzadəyə həmçinin “Cüzeppe Tartini” firmasının violini hədiyyə edildiyi bildirilir.
Müəllimi Lalə Hüseynovanın dediyinə görə, 4 yaşından musiqiyə maraq göstərən Dilşad indiyədək ABŞ, Fransa, Macarıstan, Rusiya, Ukrayna, Yaponiya, İsveç və Sloveniyada keçirilmiş yaradıcılıq müsabiqələrində uğur qazanıb. O, bir sıra ölkələrin klassik orkestrlərinin müşayiəti ilə dünya və Azərbaycan bəstəkarlarının əsərlərini böyük səhnələrdə ifa edib.
Gülcahan