Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” hotelində görülən işlərlə tanış olub.
Hotelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, kompleksin tikinti ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilib. Hotel kompleksi səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılıb. Gölün ətrafında restoran və helikopter meydançası tikilib. Xizək mərkəzi, hovuz, idman meydançası və digər obyektlərin tikilməsi nəzərdə tutulub. Kotteclərdə mini-kinoteatr, idman zalı var. Ərazidə həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilib.
Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.