Sentyabrın 27-də “Fairmont Baku” hotelində Dünya Turizm Gününə həsr olunmuş konfrans və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən turizm sahəsində görülmüş işlərə dair arayış təqdim olunacaq.
Eyni zamanda, "Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı" mövzusuna həsr olunmuş "Azerbaijan review" jurnalının təqdimatı, "Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Avropa İttifaqının Tvinninq layihəsinin təqdimatı keçiriləcək. "Fəxri Turizm İşçisi" döş nişanı və fəxri fərmanlar, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən "IV Milli Turizm" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim ediləcək.
Dünya Turizm Günü münasibətilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeçiliyində olan muzey, qoruq və abidələrdə “açıq qapı” elan olunacaq.