Olaylar, faktlar (27 fevral – 1 mart)
308 il əvvəl...
29 fevral 1716-cı ildə Çar I Pyotrun göstərişi ilə Xəzər dənizinə Rusiyanın ilk ekspedisiyası göndərilib. Kapitan Beloviç-Çerkaskinin rəhbərlik etdiyi ekspedisiyanın müşahidələri nəticəsində Xəzərin ilk xəritəsi hazırlanıb. Bunun ardınca rus qoşunlarının Xəzərətrafı Azərbaycan torpaqlarına hərbi yürüşləri başlandı.
107 il əvvəl...
27 fevral 1917-ci ildə Rusiyada Fevral (burjua) inqilabı başlanıb. Petroqradda (Sankt-Peterburq) silahlı toqquşmalar nəticəsində hakimiyyət iflic olub. Martın 2-də II Nikolay taxt-tacdan imtina etməyə məcbur oldu. Üç əsr sürən Romanovlar sülaləsinin mütləqiyyəti sona çatdı. Müvəqqəti hökumət quruldu.
1 mart 1917-ci ildə ABŞ I Dünya müharibəsinə qoşulub. Müharibədə bütün tərəflərin əldən düşdüyü vaxtda (o cümlədən Rusiyada monarxiyanın süqutu) bu addımı atan ABŞ bir il sonra başa çatan müharibədən mühüm geosiyasi dividentlər əldə etdi.
104 il əvvəl...
1 mart 1920-ci ildə Azərbaycanın ilk dövlət informasiya qurumu – Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış agentlik sovet dövründə müxtəlif adlar altında fəaliyyət göstərib. Müstəqillik dövründə əvvəlki adını bərpa edib. 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlanır.
70 il əvvəl...
1 mart 1954-cü ildə ABŞ Marşall adalarında (Sakit okeanda ABŞ-nin nəzarətindəki adalar; 1986-cı ildə müstəqillik əldə edib) hidrogen bombasını ilk dəfə sınaqdan çıxarıb. Nüvə silahı sahəsində yarış yeni mərhələyə qədəm qoyub.
36 il əvvəl...
27 fevral 1988-ci ildə Sumqayıtda erməni ekstremistlərin və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat törədilib. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. “Sumqayıt olayları” SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və azərbaycanlıları ermənilərə düşmən kimi dünyaya tanıtmaq, Qarabağda başlanan separatçılığa haqq qazandırmaq məqsədi daşıyırdı. Bandit dəstəyə başçılıq edən Eduard Qriqoryana məhkəmə 12 il iş verdi, amma o, SSRİ dağılandan sonra azadlığa çıxdı.
31 il əvvəl...
28 fevral 1993-cü ildə erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz dəmir yolunda – Qudermes stansiyası (Çeçenistan) yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Hazırladı: V.Orxan