İlkin qiymət 38 milyon dollardır

 

Londonun prestijli Kessinqton rayonunda vaxtilə “Queen” qrupunun əfsanəvi solisti Freddi Merkurinin yaşadığı “Garden Lodge” malikanəsi 30 milyon funt-sterlinqə (38 milyon dollara) satışa çıxarılıb.

1907-ci ildə tikilmiş evin görüntüləri və planı ilə bağlı təfərrüatlar məxfilik səbəbi ilə ictimaiyyətə açıqlanmır. Eyni səbəbdən onun satışı ilə bağlı elan da internetdə yerləşdirilməyib, lakin “Knight Frank” daşınmaz əmlak agentliyi potensial alıcılarla fərdi danışıqlara hazırdır.

Bildirilir ki, malikanəyə baş çəkmək istəyən pərəstişkarlar qrupunun qarşısını almaq üçün müştərilərin ödəmə qabiliyyəti diqqətlə yoxlanılacaq.

İran əsilli Britaniya rok müğənnisi Freddi Merkuri (1946–1991; əsl adı Fərrux Balsara) bu evi 1980-ci ildə alıb və ömrünün sonunadək burada yaşayıb. Ölümündən sonra malikanə həyat yoldaşı Meri Ostinə miras qalıb.

“Queen” yarandığı 1970-ci ildən 90-cı illərin ortalarına qədər dünya şöhrəti qazanan ingilis rok qrupudur. Qrupun vokalçısı və bəstəkarı Freddi Merkuri vəfat edəndən sonra “Queen” faktiki olaraq fəaliyyətini dayandırsa da, qalan üzvlərinin konsert çıxışları ara-sıra davam edib. “Queen” rok musiqisi tarixinin ən uğurlu qruplarından biridir, albomlarının ümumi dünya tirajı 300 milyonu ötüb.