Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə Oğuzdakı Mədəniyyət mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirildi. “Oğuz gözəl turizm məkanıdır” adlı tədbiri mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova açaraq rayonumuzun özəlliklərindən, eləcə də tədbirin məramından danışdı.
   Son illər rayonumuzda baş verən yeniliklər göz önündədir. Bu diyara səyahət edən turistlərin sayı da artmaqdadır. Hazırda Oğuz şəhərində müasir standartlara cavab verən 5 ulduzlu hotelin, eləcə də 4 mehmanxananın fəaliyyəti turizmin inkişafına təkan verir. Bundan əlavə, 14 istirahət mərkəzinin fəaliyyəti də rayonumuza turistlərin marağını xeyli artırıb.
   Tədbirdə həmçinin əl işlərindən və sənətkarlıq nümunələrindən ibarət sərgi, Oğuzun qədim xalçalarının və məişət əşyalarının nümayişi, kulinariya müsabiqəsi təşkil edilmişdi. Müsabiqədə mürəbbələr, şirniyyatlar, şirələr və özəl yeməklərimiz münsiflər tərəfindən qiymətləndirildi, qaliblərə hədiyyələr təqdim olundu.
   
   Qəsidə Hüseynova,
   Oğuz rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri