İndiki Ermənistan ərazisində qalan memarlıq irsimiz necə qəsb edilib?

 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Başqanlığında (YTB) “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub. Kitabda indiki Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri dünyanın 19 ölkəsində öncə türk abidəsi olmuş və sonradan kilsəyə çevrilmiş irs yadigarları haqqında məlumatları ehtiva edir.

Kitabın müəllifi memar Emin Yılmaz bildirib ki, Türkiyənin soydaş və əqrəbalar yaşayan coğrafiyalarda memarlıq abidələrinin üzə çıxarılması üzrə fəaliyyət davam edir. Onun sözlərinə görə, bu tədqiqat türklərin məruz qaldıqları köç, sürgün proseslərinə də işıq salır, həmçinin tarixin müxtəlif mərhələlərində baş vermiş faciələri daha müfəssəl şəkildə araşdırmağa imkan yaradır.

Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Türk və ingilis dillərində tərtib edilən kitabın birinci cildində Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, ikinci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya və Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin üçüncü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.

Təqdimat mərasimi çərçivəsində kilsəyə çevrilən qədim türk abidələrinin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub.