Oktyabrın 2-də Azərbaycan Turizm İnstitutunda 9 oktyabr - prezident seçkilərində ilk dəfə səs verəcək tələbə gənclər üçün seçki maarifçiliyi və hüququ ilə bağlı tədbir keçirilib. 
   Görüşdə çıxış edən ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov seçkidə səs verməyin hər kəs üçün vətəndaş hüququ olmaqla yanaşı, həm də bir məsuliyyət olduğunu deyib.
   Millət vəkili, Milli Məclisin Müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə ümidvar olduğunu deyib ki, ATİ-nin tələbələri prezident seçkilərində xüsusi fəallıq göstərəcək və öz seçimlərində yanılmayacaqlar.
   Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərin 9,6 faizinin ilk dəfə səs verəcəyini deyib. Ümumilikdə seçicilərin 40 faizinin gənclərdən ibarət olduğunu diqqətə çatdıran MSK üzvü ölkə əhalisini maarifləndirmək məqsədilə təmsil etdiyi qurum tərəfindən xüsusi yaddaş kitabçalarının, təlimatların, hər bir seçicinin məqsəd və vəzifələrini əks etdirən çap məhsullarının işlənib hazırlandığını bildirib.
   ATİ-nin müəllimləri Rəhim Rəsulov, Məhərrəm Zülfüqarlı, Vüsalə Məmmədzadə hər bir gənci prezident seçkilərində fəal olmağa səsləyiblər.

   Fəxriyyə