Turizm İnstitutunun xaricdə təcrübə keçən tələbələri təəssüratlarını bizimlə bölüşdülər
   
   Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsilin təcrübə ilə əlaqələndirilməsinə, tələbələrin yerli turizm müəssisələrində və xarici ölkələrdə təcrübə keçməsinə xüsusi önəm verilir. İnstitutun 3-cü kursunu bitirən tələbələr üçün 22 həftəlik təcrübə müddəti müəyyənləşdirilib və bütün tələbələr bu təcrübəni keçməlidir.
   
   Tələbələrin xaricdə təcrübə keçməsi ilə bağlı ATİ ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlıq müqaviləsi də imzalayıb. Turizmlə məşğul olan qurumlar, o cümlədən bir neçə turizm şirkəti də bu məsələdə ATİ-yə yaxından kömək edir. Bu əməkdaşlıq institut tələbələrinin keyfiyyətli və hazırlıqlı kadr kimi yetişməsində mühüm rol oynayır. ATİ-nin fəaliyyətə başladığı 2007-ci ildən 2013-cü ilədək institut tələbələrindən 60 nəfər Türkiyədə, 69 nəfər İsraildə, 2008-ci ildən 2013-cü ilədək 54 nəfər Şimali Kipr Türk Cümhuriyyətində, 30 tələbə Yunanıstanda təcrübədə olub. Ölkəmizdə isə bu müddətdə 780 nəfər tələbə istehsalat təcrübəsini uğurla başa vurub.
   
   “Təcrübə müddəti bizə çox şey öyrədir”
   
   Hər il olduğu kimi, bu il də ATİ tələbələri təcrübə qazanmaq üçün müxtəlif ölkələrə göndəriliblər. Onların bir neçəsi ilə görüşüb təəssüratını öyrəndik.
   Samir Şahbazlı ATİ-nin biznes idarəçiliyi fakültəsində menecment ixtisası üzrə təhsil alır. 4-cü kurs tələbəsidir. İnstituta 619 balla daxil olub: «Turizm İnstitutunda təhsilə ciddi önəm verilməsini və bu sahənin ölkəmizdə prioritet təşkil etdiyini bildiyimdən ali təhsil üçün məhz buranı seçdim. Bu ixtisasa böyük marağım var. Təhsilimi başa vurduqdan sonra hotellərdən birində çalışmaq niyyətindəyəm».
   Samir Şahbazlı 22 həftəlik təcrübə müddətini İsrailin Elat şəhərində hoteldə keçib: «Hotel işi çox maraqlıdır. Burada son dərəcə səbirli olmaq lazımdır. Hər müştərinin fərqli istəkləri olur. Təcrübə üçün İsraili özüm seçdim. Biz yalnız nəqliyyat xərclərini özümüz ödədik. Yemək və qalmaq isə çalışdığımız hotelin hesabına idi. Mən hoteldə çox xırda bir işdə çalışmağa başladım. Gələn müştəriləri otaqlarına qədər müşayiət edirdim. Bir neçə həftədən sonra bara keçdim və barmen köməkçisi kimi çalışmağa başladım. Onu da deyim ki, burada çox şey öyrəndim. Xüsusilə də bir neçə cür kokteyl hazırlamaq bacarığına yiyələndim. Bu iş bəlkə də sizə asan gəlir. Amma çox çətin və diqqət tələb edən bir işdir. Özü də kokteyl turistlərin ən çox sevdiyi və sifariş verdiyi içkidir».
   Çalışdığı hotelə dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilərin gəldiyini, onların içərisində Azərbaycan yəhudilərinin də olduğunu deyən həmsöhbətimiz az vaxt içərisində ivrit dilində də qismən danışmağı öyrənib: «Hoteldə ən çox işlədilən dil ivrit dili idi. Amma biz ilk günlər ingiliscə danışırdıq. Mənim bu dili öyrənməyə böyük marağım vardı. Ona görə də təcrübə müddətimin sonunda artıq ivrit dilində danışmağı bacarırdım. Ümumiyyətlə, düşünürəm ki, 22 həftəlik təcrübə tələbələrə öz ixtisaslarını dərindən öyrənməyə çox kömək edir. Turizm elə bir sahədir ki, burada nəzəri biliklərdən daha çox təcrübə rol oynayır. Mən 5 ay ərzində demək olar ki, hotelin bütün işlərini öyrənə bildim. İndi istənilən hoteldə işləyə bilərəm».
   Samir Şahbazlının bir arzusu var: təhsilini xarici ölkələrdən birində elə turizm ixtisası üzrə də davam etdirmək, bu sahənin peşəkar mütəxəssisi olmaq.
   Xədicə Alışova tərcüməçi-bələdçi ixtisası üzrə 4-cü kurs tələbəsidir. İnstituta 595 balla qəbul olub. 22 həftəlik təcrübə müddətini əvvəlcə Lənkəranda, sonra isə 3 ay Türkiyənin Kuşadası bölgəsində keçirib. Bələdçilik edib. Təcrübə kursuna «Summer tour» şirkəti ilə ATİ-nin birgə layihəsi çərçivəsində gedib. Bütün xərcləri şirkət tərəfindən ödənilib: «Summer tour» şirkətinin təşkil etdiyi müsabiqəyə qoşuldum və Türkiyədə təcrübə keçmək imkanı qazandım. İşimiz çətin də olsa, çox maraqlı idi. Mən Kuşadasında dincəlməyə gələn turistləri ətraf bölgələrdəki tarixi məkanlara ekskursiyalara aparırdım. İşimizin bir hissəsi isə onları qarşılayıb hotelə qədər müşayiət etmək, yol boyu bu ərazinin tarixi, mədəniyyəti, qalacaqları müddətdə onlara təklif ediləcək əlavə xidmətlər haqqında məlumat verməkdən ibarət idi. Ünsiyyətdə olduğumuz turistlərin çoxu isə oraya dincəlməyə gedən azərbaycanlılar idi. Onlar tarixi məkanlardan daha çox shop-turlara maraq göstərirdilər”.
   
   “Turistə qayğı ilə yanaşılmalı, onun rahatlığı təmin edilməlidir”
   
   Sabit Əliyev və Şəfaət Məcidli isə yay mövsümündə təcrübə keçmək üçün Şimali Kipr Türk Cümhuriyyətində olublar. Hər ikisi 3-cü kurs tələbəsidir. ATİ-nin biznes idarəçiliyi fakültəsində menecment və marketinq ixtisasları üzrə təhsil alırlar. Sabit 588, Şəfaət isə 494 balla instituta daxil olub. Təcrübəyə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyi ilə Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq müqaviləsi çərçivəsində gediblər.
   Sabit Əliyev: «Hotel işi mənim üçün çox maraqlıdır. Türkiyədə, Kiprdə və digər turizm ölkələrində fəaliyyət göstərən hotellərdə təcrübə keçməyi çoxdan arzulayırdım. Ona görə də Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin verdiyi bu imkandan yararlanmaq qərarına gəldim. Şimali Kipr kiçik ölkə olsa da, orada turizm yüksək səviyyədə inkişaf edib. Təcrübə müddətində çox şey öyrəndim. Düzdür, işimiz çox ağır idi. Günün çox hissəsini işdə olurduq. Amma həm də maraqlı idi».
   Şəfaət Məcidli: «Biz Sabitlə eyni hoteldə çalışırdıq. Əvvəllər iş bizə çox çətin görünsə də, sonra yavaş-yavaş öyrəndik. Çalışdığımız hoteldə ən önəmli məqam turistlərə yüksək səviyyədə xidmət göstərilməsi, onların arzu və istəklərinin yerinə yetirilməsi ilə bağlı idi. Öyrəndiyimiz əsas o oldu ki, ölkəyə gələn turistə qayğı ilə yanaşılmalı, onun rahatlığı təmin edilməlidir. İnstitutu bitirdikdən sonra təhsilimi xarici ölkələrdən birində davam etdirmək istəyirəm. Sonra isə təbii ki, Azərbaycana qayıdıb, turizm sektorunda çalışacağam».
   Onu da qeyd edək ki, tələbələr işlədikləri müddətdə yüksək əməkhaqqı da alıblar. Bu onlar üçün seçdikləri peşənin ilk qazancı kimi xüsusilə dəyərlidir.
   
   Fəxriyyə Abdullayeva