Olaylar, faktlar (6 – 8 mart)

 

114 il əvvəl...

 

8 mart 1910-cu ildə Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında Klara Setkinin təklifi ilə 8 martın qadınların həmrəyliyi günü kimi qeyd edilməsi qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə, Danimarkada, iki il sonra Rusiyada qeyd olunub. 1966-cı ildə 8 mart SSRİ-də istirahət günü elan edilib. 1977-ci ildə BMT tərəfindən beynəlxalq günlər sırasına daxil edilib.

 

107 il əvvəl...

 

6 mart 1917-ci ildə Rusiyanın “Müvəqqəti hökumət”i Finlandiyaya muxtariyyət verib. Çar II Nikolay taxt-tacdan əl çəkəndən sonra bir neçə ay Rusiyanı idarə edən “Müvəqqəti hökumət” liberal siyasəti ilə tarixə düşdü. 1917-ci ilin Oktyabr inqilabından sonra hakimiyyəti ələ alan bolşeviklər də Finlandiyanın müstəqilliyi ilə barışmalı oldular. Finlandiya XVIII əsrin əvvəlində Şimal müharibəsi (Rusiya-İsveç) nəticəsində qismən Rusiyanın nəzarətinə keçmişdi.

 

102 il əvvəl...

 

6 mart 1922-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu Azərbaycan əlifbasının latın yazı qrafikasına keçirilməsi ilə bağlı xüsusi komissiya (sədr Səməd Ağamalıoğlu) yaratmaq barədə qərar qəbul edib. Komissiyanın bazasında 1922-ci ilin mayında Yeni Türk Əlifbası Daimi Komitəsi yaradılıb.

 

80 il əvvəl...

 

6 mart 1944-cü ildə SSRİ Xalq Komissarları Soveti “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Qərarda Azərbaycan dilində ordu qəzeti nəşr etmək, Cənubi Azərbaycan yazıçı-şairlərinin əsərlərinin nəşri üçün Təbrizdə mətbəə açmaq, Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunun təşkili kimi məsələlər əksini tapmışdı.

 

59 il əvvəl...

 

7 mart 1965-ci ildə Amerika dəniz piyadalarının desantı Cənubi Vyetnam sahillərinə çıxarılıb. ABŞ-nin Vyetnama qarşı müharibəsi başlayıb. Yeddi ilə yaxın sürən müharibədə amerikalılar istəklərinə nail ola bilmədilər və Vyetnamdan çıxmalı oldular.

 

32 il əvvəl...

 

6 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xocalı faciəsi ilə bağlı çağırılan fövqəladə sessiyasında Prezident Ayaz Mütəllibov istefa verməyə məcbur olub. Bir gün öncə spiker Elmira Qafarova da istefa vermişdi. Ali Sovetin sədri seçilən Yaqub Məmmədov prezident səlahiyyətlərini də icra etməyə başlayıb.

Hazırladı: V.Orxan