Noyabrın 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək I Beynəlxalq Turizm Filmləri Festivalına hazırlıq işləri davam edir.

Festivalın icraçı direktoru Fariz Əhmədovun bildirdiyinə görə, tədbir çərçivəsində təşkil olunacaq «Odlar yurdu» fotomüsabiqəsinə böyük maraq var: «Bunu müsabiqədə iştirak etmək istəyənlərin sayına əsasən demək olar. Müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər. Müsabiqəyə foto qəbulu oktyabrın 30-da yekunlaşacaq. Bundan sonra iştirakçı sayı və təqdim olunan işlər barədə konkret məlumatlar açıqlanacaq”.
Fariz Əhmədov qeyd etdi ki, müsabiqənin qalibləri beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq: «Müsabiqəyə təqdim edilən ən yaxşı işlər noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində sərgilənəcək».
Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək turizm filmləri festivalına 41 ölkədən 250 film təqdim olunub. Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Daxili və dünya turizmini ən peşəkar şəkildə əks etdirən ekran işləri mükafatlandırılacaq. Mükafatlandırma 7 nominasiya üzrə keçiriləcək. Hər nominasiyada 3 mükafat verilir. Festival turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, bu istiqamətdə çəkilmiş ən yaxşı ekran işlərini aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festival barədə ətraflı məlumatı www.bitff.az saytından almaq olar.


Fəxriyyə Abdullayeva