Aydın İsmiyev: «Turizm təhsili haqqında sənədi olmayanlar mehmanxanalarda işə götürülməyəcək»
Oktyabrın 31-də Bakı Turizm Peşə Liseyində mehmanxana əməkdaşları üçün təlim-tədris kurslarının yekunlaşması münasibətilə tədbir keçirildi. Kurslar Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri arasında əməkdaşlıq əsasında gerçəkləşib.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev kurslar haqqında qısa məlumat verərək bildirdi ki, oktyabrın 22-dən başlayan təlim proqramları turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə təşkil edilib və türkiyəli turizm mütəxəssisləri tərəfindən aparılıb. «İdarəçilərin təlimçi olaraq hazırlanması», «Qeyd-qəbul», «Xadiməçilik» və «Masa xidməti» ixtisasları üzrə kurslara Bakı şəhərində fəaliyyət göstərən 3 və 4 ulduzlu mehmanxanalarda çalışan işçilər cəlb olunub: «Türkiyənin turizm sahəsində çox böyük təcrübəsi var. Bu ölkədə turizm ötən əsrin 60-cı illərindən təşəkkül tapmağa başlayıb. Azərbaycanda isə bu sahə hələ gəncdir, təxminən 10 ilə yaxındır ki, inkişaf yoluna qədəm qoyub. Bu müddətdə turizm sahəsində az uğurlar əldə etməmişik. Amma yeni inkişaf etməyə başlayan bütün sahələr kimi, turizmdə də problemlər mövcuddur. Bunlardan ən başlıcası isə xidmətin lazımi səviyyədə olmamasıdır. Bu problemi aradan qaldırmaq üçün Azərbaycanın və qardaş ölkənin nazirlikləri arasında mövcud olan razılaşmaya əsasən, artıq 6 ildir ki, Türkiyədən dəvət olunmuş müəllimlər mehmanxanaların əməkdaşları üçün treninq-kurslar keçirlər. İndiyə qədər bu təlim proqramlarına 1326 nəfər cəlb olunub».
Şöbə müdiri təəssüflə qeyd etdi ki, nazirlik tərəfindən təşkil olunan treninqlərə mehmanxana rəhbərlərinin və digər əməkdaşların marağı lazımi səviyyədə deyil. Aydın İsmiyevin sözlərinə görə, budəfəki kurslara Bakıdakı 3 və 4 ulduzlu mehmanxanalardan 130 nəfər dəvət edilsə də, məşğələlərdə cəmi 90 dinləyici iştirak edib: “Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunda xidmət səviyyəsində mövcud olan problemləri aradan qaldırmaq üçün zəruri olan tədbirləri həyata keçirir. Biz kimisə zorla kursa gətirə bilmərik. Mehmanxana rəhbərləri özləri əməkdaşlarının bu kurslarda iştirakında maraqlı olmalıdırlar. Turistlərin mehmanxana xidmətindən razı qalması üçün əməkdaşların səviyyəsinin yüksək olması lazımdır. Nazirlik mehmanxana əməkdaşlarının turizm üzrə ixtisaslı kadr olması və eyni zamanda bu kurslardan keçməsini artıq bir şərt kimi onların qarşısında qoyacaq. Çünki ölkəmizdə artıq Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Liseyi, bir neçə regionda peşə məktəbləri fəaliyyət göstərir. Turizm təhsili haqqında sənədi olmayanlar mehmanxanalarda işə götürülməyəcək. Bu məsələ qanunvericiliklə də tənzimlənəcək».
Sonra kurs dinləyicilərinə hər iki ölkənin mədəniyyət və turizm nazirliklərinin sertifikatları təqdim olundu.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan qəzetimizə açıqlamasında bildirdi ki, iki ölkə nazirliklərinin birgə layihəsi təkcə Bakı şəhərində deyil, eyni zamanda regionlarda fəaliyyət göstərən hotellərin əməkdaşları üçün də həyata keçirilir: «Təbii ki, Türkiyədə turizmin inkişafa başlaması 40-45 il əvvələ təsadüf etdiyindən bizdə bu sahənin mütəxəssisləri çoxdur. Biz də öz təcrübəmizi böyük məmnuniyyətlə azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq. Çünki Azərbaycanda turizm sektorunun inkişafı elə Türkiyənin də uğuru sayıla bilər. Ona görə də əməkdaşlığımız bundan sonra daha geniş layihələrdə davam edəcək. Gələcəkdə bələdçilərin hazırlanması istiqamətində də kurslar təşkil etməyi arzu edirik».
«İdarəçilərin təlimçi olaraq hazırlanması» ixtisası üzrə kursda iştirak edən «News Baku» hotelinin baş meneceri Ceyhun Aşurov təlimlərin çox maraqlı keçdiyini dedi: «Bu müddətdə bir-birimizlə fikir mübadiləsi aparmaq, bildiklərimizi paylaşmaq imkanı qazandıq. Türkiyədən gəlmiş müəllimlər də bizə dolğun bilgilər verdilər. Kurslarda müxtəlif mövzularda diskussiyalar təşkil edilirdi. Bu zaman da bəzi yeniliklərlə tanış olduq. Müəllimlərimizin çox maraqlı bir sözü vardı ki, sevgi və bilgi paylaşdıqca artır. Biz də təbii ki, təcrübəmizi digər həmkarlarımızla böləcəyik və düşünürəm ki, son nəticədə qazanan Azərbaycan turizmi olacaq».
Həmsöhbətim onu da bildirdi ki, rəhbərlik etdiyi hoteldə çalışanlar kursun bütün ixtisasları üzrə təlimlərdə iştirak ediblər. Onun fikrincə, bu treninqlərdə iştirak hotelin işinin keyfiyyətinə müsbət təsir göstərir.
F.Abdullayeva