Olaylar, faktlar (2 – 7 aprel)

 

210 il əvvəl...

 

6 aprel 1814-cü ildə Rusiya, Prussiya, Avstriya və Britaniya müttəfiq qoşunlarının Parisə daxil olması ilə Napoleon Bonapart taxt-tacdan əl çəkib. Müttəfiqlər Napoleonun imperator titulunu (formal olaraq) saxlamaqla, habelə illik maddi təminat və mühafizə ayırmaqla onu Elba adasına (Aralıq dənizində) sürgün etdilər.

 

128 il əvvəl...

 

6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada ilk Yay Olimpiya Oyunları başlanıb. Baron Pyer de Kubertenin təşəbbüsü ilə başlanan Olimpiya hərəkatı müasir dünyanın ən əlamətdar hadisələrindən biridir.

 

118 il əvvəl...

 

7 aprel 1906-cı ildə Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906–1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib.

 

104 il əvvəl...

 

7 aprel 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Kütləvi çıxışlar 1919-cu ilin avqustunda bağlanan və Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq hüququ verən Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Üsyanın nəticəsi olaraq 1920-ci ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

78 il əvvəl...

 

7 aprel 1946-cı ildə Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya Səhiyyə Günü kimi qeyd olunur.

 

75 il əvvəl...

 

4 aprel 1949-cu ildə Vaşinqtonda NATO-nun (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) yaranmasına dair saziş imzalanıb. Müqaviləni 12 dövlət (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Kanada, Danimarka, İslandiya, Norveç və Portuqaliya) imzalamışdı. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-də AFR, 1982-də İspaniya alyansa üzv oldu. 90-cı illərdən SSRİ və sosialist düşərgəsinin dağılmasından sonra NATO-nun sıraları genişləndi və hazırda 32 üzü var.

 

42 il əvvəl...

 

2 aprel 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend (Malvin) adaları uğrunda müharibə başlayıb. 1832-ci ildə Britaniya imperiyasının ərazisi elan edilmiş Folklend adaları Argentinanın dəniz sərhədi (Atlantik okeanı) yaxınlığında yerləşir. Argentinanın adaları özünə birləşdirmək cəhdi uğursuz oldu və müharibə iki ay sonra Britaniyanın qələbəsi ilə başa çatdı.

 

31 il əvvəl...

 

2 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər. 27 ildən artıq işğal altında qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də, Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsinin nəticəsi olaraq azad edildi.

 

13 il əvvəl...

 

7 aprel 2011-ci ildə Bakıda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil edilən tədbirə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatlar dəstək verib. Forumda 100-dək ölkə təmsil olunub. Prezidentin 27 may 2011-ci il tarixli fərmanı ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Hazırladı: V.Orxan