Azərbaycan
14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920–1922) olub.
14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 – 20.11.1991) Qazax rayonunda doğulub.
14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890–1970) vəfat edib. Ağdam, Füzuli dram teatrlarının aktyoru olub.
15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 – 19.2.1983) anadan olub.
15 aprel 1905 – Məşhur memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905–1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Bakı Musiqi Akademiyasının binalarının və s. tikililərin layihələşdirilməsində iştirak edib.
15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 – 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.
15 aprel 1912 – Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912–1990) anadan olub.
15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928–1979) Marağa şəhərində doğulub.
15 aprel 2010 – Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (17.7.1953 – 2010) vəfat edib.
15 aprel 2014 – Prezident İlham Əliyev ədəbiyyatşünas, akademik Məmməd Arifin 110 illik yubileyi haqqında sərəncam imzalayıb.
15 aprel 2019 – Prezident İlham Əliyev ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi haqqında sərəncam imzalayıb.
16 aprel 1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913–1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.
16 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.
16 aprel 1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl, qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar!”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.
16 aprel 1998 – Prezident Heydər Əliyev görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
16 aprel 2007 – Prezident İlham Əliyev Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
16 aprel 2020 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev (14.11.1949 – 2020) vəfat edib. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə çəkilib.
16 aprel 2021 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (18.1.1941 – 2021) vəfat edib. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib.
17 aprel 1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.
17 aprel 1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rizayev (1924–1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.
17 aprel 1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
17 aprel 2009 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (10.7.1930 – 2009) vəfat edib. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Dünyanın arşını” və s. kitabların müəllifidir.
18 aprel 1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.
18 aprel 1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941–2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.
18 aprel 1991 – Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.
Dünya
14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930–1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.
15 aprel 1452 – İtalyan rəssamı, heykəltaraş, memar, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 – 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza”, “Sonuncu şam” və s.
15 aprel 1489 – Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489 – 7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi və s. tikililərin müəllifidir.
15 aprel 1931 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011) Tomas Tranströmer (Tomas Gösta Tranströmer; 1931 – 26.3.2015) anadan olub.
16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France – François-Anatole Thibault; 1844–1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
16 aprel 1889 – Məşhur ingilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889 – 1977) Londonda doğulub. 1910–1940-cı illərdə ABŞ-də yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb.
16 aprel 1924 – Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924–1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.
17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894–1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (1897–1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe – əsl adı Francesco Suppe Demelli; 1819–1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
18 aprel 1917 – SSRİ Xalq artisti Georgi Vitsin (1918 – 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
Hazırladı: V.Orxan