Olaylar, faktlar (14–18 aprel)
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib.
159 il əvvəl...
14 aprel 1865-ci ildə ABŞ-də Vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi, 1861–1865) gedişində Prezident Avraam Linkolna sui-qəsd olub. Linkoln teatrda olarkən “cənublu”ların nümayəndəsi ona atəş açmışdı. Prezident qətlə yetirilsə də, Vətəndaş müharibəsi Şimalın xeyrinə başa çatdı.
112 il əvvəl...
14 aprel 1912-ci ildə dünyanın o zaman üçün ən böyük gəmisi olan “Titanik” çıxdığı ilk reys (Sautgempton–Nyu-York) zamanı Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq batıb. İngiltərədən ABŞ-yə hərəkət edən gəmidə (rəsmi qeydiyyata görə) 2200 nəfər vardı. Onlardan 1500 nəfəri xilas etmək mümkün olmadı.
107 il əvvəl...
15 aprel 1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Rusiya Müvəqqəti Hökumətinin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.
78 il əvvəl...
17 aprel 1946-cı ildə Suriya müstəqilliyini elan edib. 1516–1918-ci illərdə Osmanlı imperiyasının tərkibində olan Suriya daha sonra Fransa və Britaniyanın mandatı ilə idarə olunurdu. 1958-ci ildə Suriya Misirlə birləşərək Birləşmiş Ərəb Respublikasını yaratdı, 1961-ci ildən yenidən ayrıca dövlət oldu.
75 il əvvəl...
18 aprel 1949-cu ildə İrlandiya adasının cənubu Britaniya Birliyindən ayrılaraq İrlandiya Respublikası kimi müstəqilliyini elan edib. 1914-cü ildə İrlandiya Britaniya tərkibində muxtariyyət əldə etmiş, 1921-də isə onun cənub hissəsi Britaniya Birliyi tərkibində dominion (nisbi özünüidarə) statusu almışdı. İrlandiya Respublikasının elan olunması ilə ada iki yerə bölündü və Şimali İrlandiya muxtariyyət kimi Londonun nəzarətində qaldı.
71 il əvvəl...
18 aprel 1953-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Azərbaycan SSR Qanununa əsasən, yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi, Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Məmməd Ələkbərov ilk mədəniyyət naziri təyin edilib.
31 il əvvəl...
17 aprel 1993-cü ildə Türkiyə Prezidenti Turqut Özal vəfat edib. Özal Atatürkdən sonra vəzifədə ikən dünyasını dəyişən Türkiyənin ikinci dövlət başçısı idi. Ölkədə beşgünlük matəm elan edilib.
25 il əvvəl...
17 aprel 1999-cu ildə Azərbaycan neftini dünya bazarına çıxaran ilk boru xətti – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) kəməri istismara verilib. 827 km uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər “Əsrin müqaviləsi” çərçivəsində istehsal olunan neftin ilkin mərhələdə daşınması üçün nəzərdə tutulmuşdu.
Hazırladı: V.Orxan