Görkəmli bəstəkara həsr olunan silsilə konsertlər keçiriləcək

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-24 aprel tarixlərində “Fərəc Qarayevin portreti” adlı layihə həyata keçiriləcək.

Layihə postsovet məkanının görkəmli bəstəkarlarından biri, Azərbaycanın Xalq artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 80 illik yubileyi münasibətilə reallaşacaq.

Layihə çərçivəsində aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərəc Qarayevin bədii rəhbərliyi ilə tərtib olunmuş konsert proqramı təqdim olunacaq. Konsertdə Orxan Həşimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Eldəniz Ələkbərzadə (piano) çıxış edəcəklər.

Musiqi axşamında Fərəc Qarayev, İsmayıl Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri ifa olunacaq.

Aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində layihənin növbəti konserti təşkil olunacaq. Konsertdə Bakı Müasir Musiqi Cəmiyyətinin ansamblı, dirijor Orxan Həşimov və solistlər Fəridə Məmmədova (soprano), Sahib Paşazadə (tar) və Rəna Fəhradovanın (piano) təqdimatında F.Qarayevin kamera əsərləri səslənəcək.

Layihənin sonuncu günü – aprelin 24-də isə Muzey Mərkəzində mühazirə-konsert keçiriləcək. Musiqişünas Zümrüd Dadaşzadənin moderatorluğu ilə solistlər Fəridə Məmmədova (soprano), Raul Hüseynov (gitara), Rəna Fəhradova (piano) və Humay Qasımzadənın (piano) ifasında F.Qarayevin solo piano, gitara və piano üçün əsərləri təqdim olunacaq.