Noyabrın 22-də DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə «Master Class Session» layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
«JW Marriott Absheron Hotel»in menecmenti tərəfindən təqdim edilən prezentasiyada paytaxtda fəaliyyət göstərən bir sıra mehmanxanaların əməkdaşları, Bakı Dövlət Universitetinin turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
«Marriott Absheron»un baş meneceri Guy Godet «Marriott» brendinin ümumi konsepsiyası, standartları və bir sıra üstünlüklərindən danışıb. Sonra hotelin «Revenue Director» (“Gəlirlər üzrə direktor”) vəzifəsində çalışan Bahar Dadaşova-Qəniyeva hotelin tarixi, coğrafiyası, «Marriott» brendinə daxil olan «Ritz Carlton», «BVLGARİ», «Courtyard», «Springhill Suites», «Residence İnn» və digər şəbəkələrdən bəhs edib.
Aparılan diskussiyalar zamanı iştirakçılar bir sıra maraqlı mövzulara toxunublar və təşkilatçılara müxtəlif suallarla müraciət ediblər. İştirakçıları daha çox «Glitch» sisteminin tətbiqi, hotelçilik fənni üzrə kitabların çatışmazlığı, tələbələrin praktik məşğələlərinin təşkili, «Marroitt» tərəfindən keçirilən treninqlərdə iştirak imkanları və digər məsələlər maraqlandırıb.
İştirakçılarla DAİR Hotellər və Restoranlar Assosiasiyası arasında aparılan müzakirələrdə qurumun üzvlüyünə qəbul edilmə şərtləri və üzvlərin əldə etdikləri imkanlar barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda hotelçilik və restoran biznesini dəstəkləyən və bu sahənin inkişafına xidmət edən yeganə təşkilat DAİR Hotellər və Restoranlar Assosiasiyasıdır. Bu zəmində bir sıra hotellər assosiasiyanın sıralarına daxil olmaq arzularını da bildiriblər.
Assosiasiyanın icraçı direktoru Əhməd Panayevin sözlərinə görə, qurumun bu layihəsi ilin sonunadək davam edəcək və digər şəbəkə hotellərin nümayəndələri tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva