İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyində turizm üzrə işçi qrupunun iclası keçirilib. İclasda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak ediblər.

Toplantıda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və Turizm şöbəsinin əməkdaşı Məleykə Hüseynova təmsil edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxışında bildirib ki, qurumun bu ilin avqustunda Azərbaycanın Qəbələ şəhərində keçirilmiş III zirvə toplantısında gələn il Türkiyədə təşkil ediləcək növbəti tədbirin əsas mövzusu kimi turizm əməkdaşlığı müəyyənləşdirilib.
İşçi qrupunun iclasında təşkilata üzv ölkələrin turizm nazirlərinin 2014-cü ildə keçiriləcək iclasında imzalanması nəzərdə tutulan birgə əməkdaşlıq protokolunun layihəsinə daxil olan məsələlər - beynəlxalq turizm yarmarkalarında və sərgilərində müştərək iştirak, xidmət sektorunda təcrübə mübadiləsi, dövlət və özəl sektorların əməkdaşlığının gücləndirilməsi müzakirə edilib.
Müzakirələrdən sonra işçi qrupunun üzvləri nazirlərin toplantısında müzakirə olunacaq təklifləri təsdiq edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyinə təqdim ediblər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyində kommunikasiya əlaqələndirmə qrupunun da iclası olub. İclasda modern İpək Yolunun bərpası, birgə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Fəxriyyə Abdullayeva