Sağlamlıq turizmi bu əməkdaşlıqda yeni və perspektivli istiqamətdir
Dekabrın 13-14-də Bakıda Türkiyənin Səhiyyə, İqtisadiyyat nazirlikləri, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə 2-ci «Sağlamlıq Turizmi və İşbirliyi Günləri» adlı tədbir keçirildi. Tədbirdə iki ölkənin səhiyyə və sağlamlıq turizmi sahəsində çalışan şirkətlər, təşkilatlar, xəstəxanalar və klinikaların nümayəndələri iştirak edirdi.
Açılış mərasimində çıxış edən «Beauty Aesthetics» şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Aynur Saqiyeva bildirdi ki, bu təqdimatı təşkil etməkdə əsas məqsəd iki ölkə arasında tibb və turizm sahələrində əməkdaşlığı daha da genişləndirməkdir: «Ötən il təşkil olunan «Sağlamlıq Turizmi və İşbirliyi Günləri» tədbirindən sonra Azərbaycan vətəndaşlarının Türkiyə xəstəxanalarında daha münasib qiymətlərlə müalicəsi istiqamətində nəticələr əldə olundu. Ona görə də bu tədbirləri davam etdirmək qərarına gəldik».
Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Meral Barlas ölkəsində fəaliyyət göstərən sağlamlıq mərkəzləri, xəstəxanalar, müəyyən ağır xəstəliklərin müalicəsində uğurlardan danışdı: «Türkiyəyə müalicə məqsədilə gələn turistlərin sayı ildən-ilə artır. Artıq bizdə sağlamlıq turizmi vacib bir sektora çevrilib. Xüsusilə də Ankara, İstanbul, İzmir, Antalya, Adana kimi böyük turizm mərkəzlərində fəaliyyət göstərən xəstəxanalarımız yüzlərlə xəstəyə xidmət etmək gücündədir. Türkiyənin Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri bu sahəni inkişaf etdirməklə ölkəyə daha çox turist cəlb etməyə çalışırlar. Ürək-damar sistemi, beyin, onkoloji, plastik və estetik cərrahiyyə istiqamətində daha çox xəstə qəbul edilir. Almaniya, Fransa və Hollandiya kimi Avropa ölkələrindən, ABŞ-dan çoxlu xəstələr gəlir. Azərbaycanlı qardaşlarımızın da müalicə və müayinə üçün məhz Türkiyəni seçməsindən çox məmnunuq. İki ölkə arasında, hər sahədə olduğu kimi, səhiyyə və turizm sahələrində də əlaqələr dərinləşir”.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın sözlərinə görə, sağlamlıq turizmi bu gün dünyada ən çox populyarlıq qazanan turizm istiqamətlərindən birinə çevrilib. Türkiyə də bu sahədə dünyada önəmli yerlərdən birini tutur. 2013-cü ildə ölkənin büdcəsinə təkcə sağlamlıq turizmindən 2,5 milyard dollar daxil olub. 2014-cü ilin hədəfi bu rəqəmin iki dəfə artırılmasıdır. Bu fakt Türkiyədə sağlamlıq turizm istiqamətinin ildən-ilə daha da inkişaf etdiyini göstərir: “Amma bu nailiyyətlərə baxmayaraq, Türkiyənin həm Səhiyyə, həm də Mədəniyyət və Turizm nazirlikləri, eyni zamanda özəl tibb mərkəzləri, turizm şirkətləri bu istiqamətdə daim yeniliyə can atırlar. Ölkəmizdə ən son texnologiyalarla təchiz edilmiş, müasir standartlarla fəaliyyət göstərən tibb mərkəzlərinin sayı da durmadan artır».
Türkiyə Səhiyyə Nazirliyinin məsləhətçisi Əhməd Comərd təmsil etdiyi qurum tərəfindən bu təqdimata böyük əhəmiyyət verildiyini bildirdi. Onun sözlərinə görə, Türkiyəyə ildə 500 mindən çox insan təkcə müalicə məqsədilə gəlir. İl ərzində 4 milyondan artıq cərrahiyyə əməliyyatı həyata keçirilir. Bunun 4 mindən çoxu orqan nəqli əməliyyatıdır: “Türkiyə və Azərbaycan arasında səhiyyə və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi və inkişafı çox vacibdir. Çünki güclü Azərbaycan güclü Türkiyə deməkdir”.
Fəxriyyə Abdullayeva