27 aprel – 3 may tarixlərində Xalq artisti, tanınmış vokalçı Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən Opera festivalı bütün gözəl hadisələr kimi tarixi labüdlükdən doğmuşdu – Şərqdə ilk operanın vətənində belə festival nə vaxtsa baş tutmalı idi...

 

Opera sənət növü kimi

 

Musiqili teatr janrı (musiqi, səhnə hərəkəti və sözün sintezi) olan bu sənət növünün adı italyanca iş, zəhmət, latınca əsərlər mənalarını özündə ehtiva edir. Operanın ədəbi zəmini isə orijinal və ya ədəbi əsər əsasında yazılmış librettodur.

Operanın ən ilkin nümunələri qədim yunan faciələri hesab olunur – Esxil, Sofokl və Evripid şair olmaqla yanaşı həm də musiqiçi idilər. Təəssüf ki, İntibah dövrü tədqiqatçılarına onların əsərlərinin yalnız mətnləri gəlib çatıb. İstisna olaraq Evripidin “Orest” və “İfigeniya və Avlide” faciələrinə aid musiqili müşayiətin kiçik nümunələrini qeyd etmək olar. XVIII–XIX əsrlərdə opera təşəkkül pilləsini qalxdıqca müxtəlif teatr və musiqi janrlarının inkişafına öz təsirini göstərib, opera uvertürasından simfoniya meydana gəlib.   

 

Opera festivalları

 

Opera tamaşaları silsiləsini vahid ad, mövzu və proqram altında təşkil etmək ənənəsi XIX əsrin ikinci yarısında formalaşıb. Ən qocaman opera festivalı 1876-cı ildən bəri Almaniyada keçirilən Bayret festivalı sayılır. Opera festivalları tarixini yazan musiqi bayramları arasında 1913-cü ildən İtaliyada açıq havada keçirilən “Arena di Verona”, 1921-ci ildən bəri Avstriyanın Zalsburq şəhərində təşkil edilən opera festivalı, 1933-cü ildən keçirilən “Florensiya musiqi mayı”, 1934-cü ildən bəri İngiltərədə baş tutan Qlayndbörn festivalı kimi tədbirlər var.

 

Fidan Hacıyevanın Opera festivalının açılışı

 

Xalq artisti Fidan Hacıyevanın Vokal musiqi məktəbinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilən “Fidan Hacıyevanın Birinci Opera Festivalı” Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində Jorj Bizenin “Karmen”i ilə açıldı.

İstedadlı opera müğənnisi Fidan Hacıyevanın yaradıcılığının “qırmızı xətti”nə çevrilmiş obrazın budəfəki səhnə həyatı yeni quruluşda idi. Aktyor və rejissor Elvin Mirzəyevin quruluşunda “Norma” operasını görənlər “Karmen”in zəif yozum olduğunun fərqinə varmaya bilməzlər. Opera əsərinin təsir gücünün yeni səhnə versiyasında tamaşaçıya hakim kəsilməməsi kütləvi səhnələrdə daha çox nəzərə çarpırdı. Ümumilikdə isə festivalı açan “Karmen” opera səhnəmizin çoxdankı dostu, almaniyalı dirijor Korneliya fon Kerssenbrokun həmişəki kimi özünəməxsus yanaşma və təqdimatında, başda Karmen partiyasının ifaçısı Fidan Hacıyeva olmaqla opera artistlərinin vokal imkanlarının, aktyorluq bacarıqlarının səviyyəsi ilə zövqoxşayan idi. Xoze (Fərid Əliyev) – Mikaela (İnarə Babayeva), Xoze – Karmen, Karmen – Eskamilio (Anton Ferştandt) xətlərinin hər biri ayrıca səhnə əsəri səviyyəsində idi. Lakin, qeyd edək ki, səhnədə bir tamlıq, bütövlük, vəhdət axtarışı çatmırdı...

 

Festivala gətirən yol

 

Fidan Hacıyeva ilə ilk müsahibəm illər əvvəl Karmen partiyasındakı debütündən sonra olmuşdu. Gənc xanım vokalçının ifaçılıq, artistik potensialı, şübhəsiz ki, elə o zaman diqqət çəkirdi. Bu onun 19 yasında solist kimi fəaliyyətə başladığı Opera və Balet Teatrının səhnəsində ikinci obrazı idi, birinci Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Xanəndə qız partiyası olmuşdu. Karmen və Fidan Hacıyevadan danışanda obrazın öz ifaçısını tapdığı yozumu tam yerindədir; öz təbiri ilə desək, “mən Karmeni oynamıram, Karmen mən özüməm”. Təcrübə qazandıqca fitri istedada təşkilatçılıq qabiliyyətinin də əlavə edilməsi gözlənilən idi. Sənətçi 2015-ci ildə özünün vokal musiqi məktəbini, 2019-cu ildə xanımlardan ibarət “Mezzo” musiqi kollektivini yaratdı. Bu il isə çoxdan düşündüyü Opera festivalını reallaşdıra bildi.

 

Festival günləri

 

Bu günlərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənc opera ulduzları”, Fidan Hacıyevanın Vokal musiqi məktəbində “Mezzo-soprano”, R.Behbudov adına Dövlət Mahnı Teatrında “Gələcəyin ulduzları”, Beynəlxalq Muğam Mərkəzində “Sənət varisləri” adlı konsertlər, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqram, “Landmark”da klassik musiqi axşamı oldu.

Fidan Hacıyevanın Vokal musiqi məktəbinin səkkiz ildə nəyə nail olduğunu müşahidə etmək maraqlı idi. Vokal məktəbinin yetirmələrindən Şəms Qəhrəmanovanın ifasında C.Verdinin “Riqoletto” operasından Cildanın ariyası, Günel Əsədovanın ifasında F.Əmirovun “Sevil” operasından Gülüşün ariozosu xüsusilə yaddaqalan oldu. Gənc vokalçı xanımların səhnə mədəniyyətinin, qədərində sərbəstliyin, ariyanı texniki cəhətdən dəqiq ifa etməklə kifayətlənməyib obraza varmaq və beləliklə, tamaşaçıya əsəri, personajı duyub-dərk etmək imkanı yaratmaq bacarığı opera sənətimizin parlaq gələcəyinə möhkəm inam doğurdu. Filarmoniyanın kamera orkestrinin müşayiəti və Cavanşir Cəfərovun dirijorluğu ilə keçən konsert əsrarəngiz təəssürat yaratdı.

Konsertlərdə həmçinin Ramil Qasımovun “Bülbül Vokal məktəbi”nin, Aybəniz Haşımovanın “Sənət akademiyası”nın, Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin yetirmələri Azərbaycan və dünya bəstəkarlarının opera əsərlərindən müxtəlif partiyaları ifa etdilər. Bütün bu opera səltənətimizi Rusiyadan dəvət edilmiş vokalçı Vyaçeslav Vasilyev, operanın vətəni İtaliyadan dəvət edilmiş vokalçı Ripalta Bufo, Gürcüstandan dəvət edilmiş vokalçı Qriqori Çelidze kimi opera ustalarının da görməsi çox qürurverici idi.

Festivalın filarmoniyada keçirilən “Viva Opera” adlı bağlanış konsertində Opera və Balet Teatrının simfonik orkestrini türkiyəli dirijor Murad Cem Orxan idarə etdi. Proqramda C.Verdinin “Nabukko” operasından Uvertüra, orkestrin müşayiəti ilə isə J.Bizenin “Karmen”, “Atilla”, C.Verdinin “Trubadur”, C.Puççininin “Bohema”, V.Bellininin “Norma”, M.Maqomayevin “Şah İsmayıl”, Ü.Hacıbəylinin “Koroğlu” operalarından ariyalar səsləndi. Vokalçılar Fidan Hacıyeva, Cahangir Qurbanov, Georgi Çelidze, Ripalta Bufo, Anar Şuşalı və Fəridə Məmmədovanın ifaları özünü təsdiq etmiş sənətkarlarının yaradıcılıq axtarışlarının davam etdiyinin daha bir təsdiqi oldu.    

***

Festival onu da göstərdi  ki, Azərbaycanda klassik vokal sənətinin bünövrəsi dayanıqlı olduğu üçün opera ifaçılığına maraq davamlı, ciddi və ən əsası sevgi xassəlidir. Yeddigünlük festival ərzində bu keyfiyyətləri həm təcrübəli, həm də səhnədə ilk addımlarını atan, ariyaları yenicə öyrənən gənclərin nümayiş etdirməsi mübaliğəsiz olaraq sənət bayramı ovqatı yaratdı...

Samirə Behbudqızı